İyul ayının 10-da Daxili Qoşunların Baş İdarəsində “2024-cü ilin 1-ci yarımilliyi üçün Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunları və 2-ci yarımildə qarşıda duran vəzifələr haqqında” Hərbi Şuranın növbəti iclası keçirilib.
Giriş sözü ilə iclasda çıxış edən Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, 2024-cü ilin 1-ci yarımilində Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur qurumlarından biri olan Daxili Qoşunlar tərəfindən qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrası təmin olunub. Qeyd olunub ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ordu quruculuğunun inkişafı və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri yüksək templə davam etdirilib.
İclasın gündəliyi elan edildikdən sonra daxili qoşunlar komandanının 1-ci müavini - qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.
Bildirildi ki, 2024-cü ilin 1-ci yarımili ərzində mühüm dövlət, ictimai-siyasi və idman tədbirləri zamanı Daxili Qoşunların şəxsi heyəti polis əməkdaşları ilə birlikdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində fəal iştirak edib, müəyyən edilmiş tapşırıqlar layiqincə və keyfiyyətlə yerinə yetirilib.
Polis əməkdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi rejiminin tətbiq edilməsi və digər mühüm vəzifələrin yerinə yetirilməsi üzrə qarşıya qoyulmuş tapşırıqların icrası həyata keçirilib.
Daxili Qoşunların Baş İdarəsində Əməliyyat Qərargahının, aidiyyəti hərbi hissələrdə idarəetmə məntəqələrinin fəaliyyəti təşkil olunub, əməliyyat məlumatları fasiləsiz toplanılaraq təhlil edilib, aidiyyəti orqanlarla zəruri qarşılıqlı əlaqələr yaradılıb. Həmçinin qəbul edilmiş qərarlar vaxtında çatdırılmaqla hissə və bölmələrin çevik, fasiləsiz idarə edilməsi, qüvvə və vasitələrin effektiv istifadəsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması təmin olunub, hərtərəfli maddi-texniki təminat düzgün təşkil edilib.
Hesabat dövrü ərzində qoşunlarda təlim prosesi müvafiq direktivin tələbləri əsasında keçirilib, hərbi qulluqçuların komandir, ixtisas və atəş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi, maddi-texniki tədris bazasının inkişaf etdirilməsi təmin olunub.
Bundan əlavə, gündəlik xidməti fəaliyyətdə döyüş təlimi prioritet məsələ kimi qəbul edilib. Belə ki, hərbi qulluqçuların səhra təcrübəsinin artırılması, onların fərdi bacarıqlarının və birgə fəaliyyətlərinin təmini məqsədilə şəxsi heyət atıcılıq məşqlərinə, səhra təlimlərinə, xüsusi təyinatlı bölmələrin hərbi qulluqçuları isə “Dəstə reyd fəaliyyətində” mövzusunda keçirilən xüsusi-taktiki təlimlərə cəlb olunub. Bununla yanaşı, Bakı şəhəri və bölgələrdə polis orqanları əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi məqsədilə praktiki məşğələlər və atıcılıq təlimləri təşkil edilib.
Məruzədə həmçinin hesabat dövrü ərzində Daxili Qoşunların şəxsi heyəti ilə tərbiyə işinin təşkilinin və hərbi intizamın vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb. Bildirilib ki, qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsi, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınması, komandir və rəislərin şəxsi nümunəliyinin təmin olunması, sağlam mənəvi-psixoloji mühitin yaradılması, hərbi qulluqçuların ictimai-siyasi hazırlıq üzrə biliklərinin artırılması diqqətdə saxlanılan məsələlərdən olub.
Bununla yanaşı, 2024-cü ilin 1-ci yarımili ərzində Daxili Qoşunlarda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı tədbirlərin ardıcıllıqla davam etdirilməsi, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması və hərbi qulluqçuların zəruri tələbatlarının təminat normalarına uyğun təmin olunması da diqqətə çatdırılıb.
İclasda bir sıra hərbi hissə komandirləri və hərbi hissə komandirlərinin tərbiyə işləri üzrə müavinlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetiriblər.
Çıxışlardan sonra daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı növbəti yarımildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib. Belə ki, 2-ci yarımildə keçirilməsi nəzərdə tutulan növbədənkənar Parlament seçkiləri, habelə Formula-1 Azərbaycan Qran-Prisi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və digər beynəlxalq tədbirlər zamanı xidmətə cəlb olunacaq şəxsi heyətin hərtərəfli hazırlığına önəm verilməsinin vacibliyi qeyd olunub.
Sonda iclasa yekun vuran general-leytenant Ş.Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinin bundan sonra da xalqa və dövlətə sadiqliyini nümayiş etdirərək ləyaqətlə xidmət edəcəyinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısına cavab olaraq, daxili işlər nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri layiqincə yerinə yetirəcəyinə, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə ictimai asayişin və sabitliyin keşiyində mətinliklə dayanacağına əminliyini ifadə edib, hərbi qulluqçulara fəaliyyətlərində uğurlar arzulayıb.