Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı gənc əsgərlərin hərbi andiçmə mərasimində iştirak edib.

Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Tədbirdə çıxış edən hərbi hissə komandiri polkovnik-leytenant Telman Həsənov əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladıb.

General-leytenant Ş.Məmmədov hərbi andın Azərbaycanın cəsur, sədaqətli vətəndaşı olmaq üçün əsgərlərin atdığı ilk addım olduğunu qeyd edərək, Vətənin taleyinin yalnız millətini, torpağını sevən, onun uğrunda canını hər an fəda etməyə hazır olanlara etibar edildiyini bildirdi: “Qəlbinizdə, düşüncənizdə ancaq Vətənə namusla, ləyaqətlə xidmət etmək hissi olsun. Sizə həvalə olunmuş bütün vəzifələri uğurla yerinə yetirməyi, sıralarına daxil olduğunuz Daxili Qoşunların adını və nüfuzunu qorumağı, ucaltmağı arzu edirəm”.
Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı əsgərləri hərbi andiçmə münasibətilə bir daha təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun dövlət və dövlətçilik naminə əmrlərini yerinə yetirməyə hər an hazır olacaqlarına, dövlətimiz tərəfindən göstərilən ali diqqət və qayğıya fədakar xidmətləri ilə cavab verəcəklərinə əminliyini bildirib.
Qeyd edək ki, Daxili Qoşunlar komandanının müavini - Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədovun və Daxili Qoşunların Baş İdarəsində İnspeksiyanın rəisi polkovnik Rəşadət Nəbiyevin iştirakı ilə digər iki hərbi hissədə də andiçmə mərasimləri keçirilib.