Noyabrın 9-da Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib. Tədbirdə Daxili Qoşunların Baş İdarəsindən yüksək rütbəli zabitlər, Veteranlar Şurasının üzvləri  və əsgər valideynləri iştirak ediblər. 

Mərasim Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Nümunəvi Göstərici Hərbi Orkestrin müşayiəti ilə Dövlət Himni ifa edilib.
 
Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
 
Tədbirdə çıxış edən hərbi hissə komandiri tərəfindən əsgərlərə hərbi andın mənası, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələr, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələbləri xatırladılıbdır.
 
Sonra Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb.
 
Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları qeyd edilib. Bundan əlavə, məktubda Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.
 
Sıralarımıza daxil olan hər bir hərbi qulluqçunun Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalacağına, dövlətçiliyimizin qorunması və qüdrətlənməsi naminə uğurlar qazanacağına əminlik ifadə olunub.
 
Təntənəli gün münasibətilə çıxış edənlər gənc əsgərləri səmimi qəlbdən təbrik edərək, onları cəsur və intizamlı olmaqla, hərbi bilikləri öyrənməyə, daima Vətənin müdafiəsinə hazır olmağa səsləyiblər.  Tədbirdə, həmçinin, ulularımızdan bizə miras qalmış mərdlik, igidlik və cəsurluq kimi xüsusiyyətləri özündə cəmləşdirən Azərbaycan əsgərinin Vətənin layiqli müdafiəçisi, Azərbaycan xalqının ümid yeri olduğu da fəxr hissi ilə vurğulanıb.
 
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.