Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri zamanı bu fikir bir daha təsdiqini tapdı.

Səfərin ilk günü nümayəndə heyəti Türkiyə Respublikasının Jandarm Baş Komandanı Ordu generalı Arif Çetin ilə görüşüb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Ordu generalı A.Çetin Daxili Qoşunların Komandanını səmimi salamlayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını diqqətə çatdıraraq, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
General-leytenant Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Türkiyə Respublikasına rəsmi səfər etməsindən məmnunluğunu ifadə edib.

Səfər çərçivəsində Jandarm Özəl Asayiş Komandanlığında nümayəndə heyətinə ictimai asayişin qrup şəklində pozulması, kütləvi iğtişaşların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə göstərici məşğələlər nümayiş etdirilmişdir. Bununla yanaşı, nümayəndə heyəti Türkiyə Jandarm Qüvvələrində təlim-tədrisin təşkili və bütün növ maddi-texniki təminat məsələləri ilə də yaxından tanış olmuşdur.