Mayın 11-də Daxili Qoşunların sıralarına yeni qəbul edilmiş əsgərlərin andiçmə mərasimi keçirilib.

Daxili Qoşunların Bakı qarnizonunda yerləşən “N” saylı hərbi hissəsində təşkil olunmuş mərasimdə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi general-mayor Tofiq Hüseynov və əsgər valideynləri iştirak ediblər.

Tədbir Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi-göstərici Hərbi Orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Hərbi hissə komandiri polkovnik Əhliman İlmazov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladıb.

Gənc əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbrik çatdırılıb.

Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların Qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları qeyd edilib. Bundan əlavə, təbrikdə Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.

Gənc əsgərlər adından çıxış edən əsgər Fərhad Abışov gənc silahdaşlarını hərbi biliklərə dərindən yiyələnməyə, cəsur və intizamlı olmaqla daima Vətənin müdafiəsinə hazır olmağa səsləyib.

Sonda çıxış üçün söz general-mayor T.Hüseynova verilib. O, hərbi andiçmə günü münasibətilə gənc əsgərləri təbrik edərək, hər birinin Vətənin layiqli övladları kimi yetişəcəyinə əmin olduğunu qeyd edib.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Qeyd edək ki, Daxili Qoşunlar Komandanının müavini - Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədovun və Daxili Qoşunların Qərargah rəisinin 1-ci müavini general-mayor İnqilab Muradovun iştirakı ilə digər iki hərbi hissədə də andiçmə mərasimləri keçirilib.