Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığı, ümumiyyətlə, şəxsi heyətin maddi-texniki təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə görülmüş işləri qənaətbəxş qiymətləndirib.

     
   
Oktyabrın 2-də Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyətinə həsr olunmuş növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Daxili Qoşunların maddi-texniki təminatı, hərbi qulluqçuların sosial-məişət şəraiti və maddi rifahı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Vurğulanıb ki, son illər Daxili Qoşunlarda müasir texnika, silah, sursat və xüsusi vasitələr alınaraq şəxsi heyətin istifadəsinə verilib, bir sıra mühüm hərbi obyektlərin açılışı həyata keçirilib və sosial yönümlü obyektlərdə təmir işləri aparılıb. Həmçinin, şəxsi heyətin təminatı mövcud normalara uyğun tam həcmdə həyata keçirilib, xidməti-döyüş tapşırıqlarının maddi-texniki təminatı düzgün təşkil olunub. Qeyd edilib ki, Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin bu istiqamətləri Azərbaycan Respublikası Daxili İşlər Nazirinin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.

İclasda Daxili Qoşunlar Komandanının müavini - Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyəti haqqında məruzə ilə çıxış edib.

Bildirilib ki, bununla əlaqədar Qoşunların hərbi obyektlərində və xidmətaparma yerlərində cari təmir işləri aparılmış, istilik rejiminin təmin edilməsi üçün  avadanlıqlara əsaslı texniki qulluq göstərilmişdir. Bundan əlavə, Qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə nəqliyyat vasitələrinin qış mövsümündə fasiləsiz istifadəsini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilmiş, park təsərrüfatlarının hazırlığı yoxlanılmışdır. Qış mövsümünə keçidlə əlaqədar şəxsi heyətin isti geyim əmlakları ilə təmin olunması və müəyyən edilmiş normaya uyğun qida menyusunda dəyişikliklərin edilməsi də nəzərdə tutulmuşdur.

General-mayor F.Səmədov çıxışının sonunda soyuq hava şəraitində şəxsi heyətin sağlamlığının qorunması üçün hazırlıq tədbirləri barədə də məruzə edərək, qoşun təsərrüfatının qış mövsümünə hazırlığı ilə əlaqədar mövcud nöqsanların aradan qaldırılması istiqamətində də müvafiq tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.

Hərbi Şuranın iclasında bir sıra hərbi hissə komandirlərinin maddi-texniki təminat üzrə müavinlərinin mövcud vəziyyət, fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların yaranma səbəbləri və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə hesabat-çıxışları dinlənilmişdir.

İclasa yekun vuran general-leytenant Ş.Məmmədov qış mövsümünə hazırlıqla əlaqədar vəzifəli şəxslərə tapşırıqlarını vermişdir. Əminliklə vurğulamışdır ki, Daxili Qoşunların şəxsi heyəti dövlət qayğısına cavab olaraq yaradılan şəraitdən düzgün istifadə edəcək, qorunub saxlanılması təmin edəcək, yüksək döyüş hazırlığını saxlamaqla, qış mövsümünü uğurla başa vuracaqdır.