Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Daxili İşlər Naziri polis general-polkovniki Kalmuxammed Kasımovun dəvətilə 29-31 may tarixlərində bu ölkədə rəsmi səfərdə olub.

      Səfərin birinci günü nümayəndə heyəti daxili işlər orqanlarının vahid sisteminə daxil olan Qazaxıstan Respublikası Milli Qvardiyasının inzibati binasında Milli Qvardiyanın Baş Komandanı general-leytenant
Ruslan Jakslikov tərəfindən qəbul edilib.

    Görüş zamanı Azərbaycan nümayəndə heyətinin rəhbərinə Milli Qvardiyanın xidməti-döyüş fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verilib. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərinin müzakirə olunduğu görüşdə qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

    Səfər proqramına uyğun olaraq növbəti görüş Qoşunların İdarə Olunması Mərkəzində baş tutub. Mərkəzin akt zalında monitor vasitəsilə idarəetmə, idarəetmənin texniki imkanları praktiki olaraq nümayiş etdirilib.

     Həmin gün general-leytenant Ş.Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikası Milli Müdafiə Universitetində təlim-təhsilin vəziyyəti ilə maraqlanıb, yaradılmış şəraitlə tanış olub. Universitetin beynəlxalq əlaqələri barədə azərbaycanlı qonaqlara məlumat verilib.

    Daha sonra Daxili Qoşunların zabitlərindən ibarət nümayəndə heyəti Milli Qvardiyanın Astana şəhərində yerləşən “N” saylı hərbi hissəsində olublar. Burada hərbi hissənin istifadəsində olan hərbi texnika, müxtəlif silahlandırma vasitələrinə baxış  keçirilib, Milli Qvardiyanın Muzeyi ilə tanışlıq olub.

    Səfərin sonuncu günü - mayın 31-də nümayəndə heyəti Karakanda şəhərində Qazaxıstan Milli Qvardiyasının Mərkəzi Regional Komandanlığının rəhbəri general-mayor Erkin Botakanovla görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdən sonra qonaqlar Regional Komandanlığın iki hərbi hissəsinə baş çəkiblər. Nümayəndə heyəti hərbi hissənin hərbi-texniki imkanları, şəxsi heyətin xidməti-döyüş fəaliyyəti, sosial məişət şəraiti ilə tanış olub.

    Mayın 31-də Daxili Qoşunların nümayəndə heyətinin Qazaxıstan Respublikasına rəsmi səfəri başa çatıb.