“Vətəni mən qorumayım, bəs kim qorusun?”

Torpaqlarımızın azadlığı uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də baş çavuş Məmmədov Sahib Yaşar oğludur. Baş çavuş Sahib Məmmədov 1989-cu il noyabrın 13-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yaycı kəndində anadan olub. Orta təhsilini böyüyüb boya-başa çatdığı Yaycı kəndindəki Tağı Qasımoğlu adına 1 saylı orta məktəbdə alıb. Hələ orta məktəbin ikinci sinfində oxuyarkən idmanın cüdo növü ilə məşğul olan Sahib bu sahədə qazandığı uğurlarına görə müxtəlif dərəcəli diplom və medallarla təltif edilib.
Müddətli həqiqi hərbi xidmətini 2008-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışsa da, hərbçi peşəsinə olan böyük marağı səbəbindən hərbi xidmətə qayıtmağa qərar verib. Beləliklə, 2011-ci ilin noyabr ayında Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Sahib Vətənə olan borcunu yerinə yetirməyə başlayıb. 2012-ci ilin yanvar ayından etibarən hərbi hissənin “Bəbir” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirən baş çavuş S.Məmmədov əvvəlcə atəş təminatı qrupunda 60 mm-lik minaatan yarımqrupunda heyət nəfəri, döyüş təminatı qrupunda təminat yarımqrupunun komandiri, atəş təminatı qrupunda 60 mm-lik minaatan yarımqrupunun komandiri vəzifələrində, 2017-ci ilin yanvar ayından şəhidlik məqamına yüksəldiyi günədək isə xüsusi həmlə qrupunda yarımqrup komandiri kimi xidməti-vəzifə borcunu ləyaqətlə yerinə yetirib.

Quba rayonundakı “N” saylı hərbi hissədə “Bəbir” şərti adını daşıyan xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini, Vətən müharibəsi iştirakçısı kapitan Əhməd İsmayılov (Vətən müharibəsi zamanı Cəbrayıl rayonu ərazisində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin nümunəvi xidmətini bu gün də fəxr hissi ilə qeyd edir: “44 günlük Vətən müharibəsində dəstəmizin şəhid olmuş cəsur hərbi qulluqçularından biri də yarımqrup komandiri baş çavuş Sahib Məmmədovdur.
Öncə onu qeyd edim ki, Sahib öz üzərində çalışan bacarıqlı yarımqrup komandiri kimi qarşıya qoyulan bütün tapşırıqları hər zaman vicdanla yerinə yetirib. Vətənpərvərliyi, cəsurluğu, bir sözlə, müsbət xarakterik xüsusiyyətləri ilə tabeliyindəki şəxsi heyətə nümunə olub. Tələbkarlığı ilə yanaşı, onlardan qayğısını da əsirgəməyib. Ən əsası da bir yoldaş kimi olduqca mehriban, deyib-gülən, zarafatcıl olmasına rəğmən, hərbi xidmətə olan ciddi münasibətilə fərqlənib. Məhz buna görə də nümunəvi hərbi qulluqçu kimi kollektivin rəğbətini qazanmağı bacarıb”.
Vətən müharibəsi başlayanda baş çavuş S.Məmmədov böyük qürur və düşmənə sonsuz nifrət hissi ilə döyüşlərə qatılıb. Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən bir çox yaşayış məntəqəsinin və ayrı-ayrı strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələri ilə hərbi anda sadiq əsl xüsusi təyinatlı olduğunu bir daha sübut edib.

Bu döyüşdə Sahiblə birgə Daxili Qoşunların Quba rayonundakı “N” saylı hərbi hissəsinin digər 3 nəfər cəsur hərbi qulluqçusu – mayor Şixamir Qaflanov, baş çavuş Surxay Mehdiyev, çavuş Sənan Ələsgərzadə, həmçinin, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 8 nəfər xüsusi təyinatlısı son damla qanlarınadək vuruşaraq şəhid oldular. “Bəbir” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin digər hərbi qulluqçuları - baş çavuşlar: Toğrul Ağayev, İlqar Əhmədov, Elçin Məcidov, Tahir Əliyev, çavuşlar: Gözəl İmanov, Araz Hüseynov, İbrahim Kutulasov, Vüqar Hüseynli, Sənan Qənbərov, Sahil Həsənov, Məhəmməd Atayev və Orxan Abdullayev yaralanıblar.
Baş çavuş Sahib Məmmədov 2020-ci il oktyabrın 24-də Yaycı kəndinin qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Məmmədov Sahib Yaşar oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. İbrahim Hüseynovun müəllifi olduğu “Qələbə şəhidləri” adlı kitabın 2-ci cildində, Manya Səxavətqızının müəllifi olduğu “Vətən fədailəri - Naxçıvan şəhidləri” adlı kitabın 1-ci cildində və “Bakı-Xəbər” qəzetinin 13-15 mart 2021-ci il tarixli sayında dərc edilmiş “Müqəddəs eşqin sahibi”, həmçinin, Alim Ağayevin “Arazın səsi” qəzetinin 19 fevral 2021-ci il tarixli sayında çap olunmuş “Ömür yolu ilə vətənpərvərlik aşılayan şəhidim” başlıqlı məqalələrdə igid xüsusi təyinatlımızın həyat və döyüş yolu geniş işıqlandırılıb.


Döyüşdə olduğu müddətdə qısa da olsa danışırdıq. Hər dəfəsində də sözü ancaq “Övladlarımın atası da, anası da sənsən. Məndən nigaran olmayın. Özünüzdən muğayat olun” – olardı. Sahibi on dörd il idi tanımışam. Özünü yox, ancaq ailəsini düşünən bir insan olub. Sahibsiz həyat çox çətindir. Lakin onun ailəsinə olan sonsuz sevgisi bizi hər zaman güclü edir”.
Sonda onu qeyd etmək istəyirəm ki, Vətən uğrunda canını qurban verən Sahib kimi oğullarımızın əziz xatirəsi hər birimizin qəlbində əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin!
mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru