Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

İlk səhifə / Şəhidlərimiz / Məmmədov Sahib Yaşar oğlu

“Vətəni mən qorumayım, bəs kim qorusun?”

 44 günlük Vətən müharibəsində xalqımızın dəmir yumruq tək birləşərək qazandığı şanlı qələbə hərb tariximizin ən parlaq səhifələrindəndir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin vurğuladığı kimi: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir”.

Torpaqlarımızın azadlığı uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də baş çavuş Məmmədov Sahib Yaşar oğludur. Baş çavuş Sahib Məmmədov 1989-cu il noyabrın 13-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yaycı kəndində anadan olub. Orta təhsilini böyüyüb boya-başa çatdığı Yaycı kəndindəki Tağı Qasımoğlu adına 1 saylı orta məktəbdə alıb. Hələ orta məktəbin ikinci sinfində oxuyarkən idmanın cüdo növü ilə məşğul olan Sahib bu sahədə qazandığı uğurlarına görə müxtəlif dərəcəli diplom və medallarla təltif edilib.

Müddətli həqiqi hərbi xidmətini 2008-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışsa da, hərbçi peşəsinə olan böyük marağı səbəbindən hərbi xidmətə qayıtmağa qərar verib. Beləliklə, 2011-ci ilin noyabr ayında Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Sahib Vətənə olan borcunu yerinə yetirməyə başlayıb. 2012-ci ilin yanvar ayından etibarən hərbi hissənin “Bəbir” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirən baş çavuş S.Məmmədov əvvəlcə atəş təminatı qrupunda 60 mm-lik minaatan yarımqrupunda heyət nəfəri, döyüş təminatı qrupunda təminat yarımqrupunun komandiri, atəş təminatı qrupunda 60 mm-lik minaatan yarımqrupunun komandiri vəzifələrində, 2017-ci ilin yanvar ayından şəhidlik məqamına yüksəldiyi günədək isə xüsusi həmlə qrupunda yarımqrup komandiri kimi xidməti-vəzifə borcunu ləyaqətlə yerinə yetirib.

 Nümunəvi yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağı bacarıb. Həmçinin, xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə fərqlənən cəsur hərbi qulluqçumuz 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissənin və dəstənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.

Quba rayonundakı “N” saylı hərbi hissədə “Bəbir” şərti adını daşıyan xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini, Vətən müharibəsi iştirakçısı kapitan Əhməd İsmayılov (Vətən müharibəsi zamanı Cəbrayıl rayonu ərazisində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin nümunəvi xidmətini bu gün də fəxr hissi ilə qeyd edir: “44 günlük Vətən müharibəsində dəstəmizin şəhid olmuş cəsur hərbi qulluqçularından biri də yarımqrup komandiri baş çavuş Sahib Məmmədovdur.

Öncə onu qeyd edim ki, Sahib öz üzərində çalışan bacarıqlı yarımqrup komandiri kimi qarşıya qoyulan bütün tapşırıqları hər zaman vicdanla yerinə yetirib. Vətənpərvərliyi, cəsurluğu, bir sözlə, müsbət xarakterik xüsusiyyətləri ilə tabeliyindəki şəxsi heyətə nümunə olub. Tələbkarlığı ilə yanaşı, onlardan qayğısını da əsirgəməyib. Ən əsası da bir yoldaş kimi olduqca mehriban, deyib-gülən, zarafatcıl olmasına rəğmən, hərbi xidmətə olan ciddi münasibətilə fərqlənib. Məhz buna görə də nümunəvi hərbi qulluqçu kimi kollektivin rəğbətini qazanmağı bacarıb”.

Vətən müharibəsi başlayanda baş çavuş S.Məmmədov böyük qürur və düşmənə sonsuz nifrət hissi ilə döyüşlərə qatılıb. Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən bir çox yaşayış məntəqəsinin və ayrı-ayrı strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələri ilə hərbi anda sadiq əsl xüsusi təyinatlı olduğunu bir daha sübut edib.

 19 oktyabr 2020-ci il... Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdən biri Sahibin son döyüşü oldu. Bu döyüşdə dəstə komandiri mayor Şixamir Qaflanovun rəhbərliyi altında tərkibində Sahibin də vuruşduğu cəsur xüsusi təyinatlılardan ibarət qrupun şəxsi heyəti tərəfindən ermənilərin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası  məhv edilərək, mühüm mövqeləri ələ keçirilir. Lakin acı məğlubiyyətlə barışmaq istəməyən düşmən digər yüksəkliklərdə yerləşən postlarından itirdiyi mövqeləri snayperlərdən, iriçaplı silahlardan və minaatanlardan güclü atəşə tutur. Şiddətli döyüşün gedişində düşmənin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində aldığı ağır qəlpə, həmçinin, güllə yaralanmalarından baş çavuş Sahib Məmmədov gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəlir.

Bu döyüşdə Sahiblə birgə Daxili Qoşunların Quba rayonundakı “N” saylı hərbi hissəsinin digər 3 nəfər cəsur hərbi qulluqçusu – mayor Şixamir Qaflanov, baş çavuş Surxay Mehdiyev, çavuş Sənan Ələsgərzadə, həmçinin, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 8 nəfər xüsusi təyinatlısı son damla qanlarınadək vuruşaraq şəhid oldular. “Bəbir” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin digər hərbi qulluqçuları - baş çavuşlar: Toğrul Ağayev, İlqar Əhmədov, Elçin Məcidov, Tahir Əliyev, çavuşlar: Gözəl İmanov, Araz Hüseynov, İbrahim Kutulasov, Vüqar Hüseynli, Sənan Qənbərov, Sahil Həsənov, Məhəmməd Atayev və Orxan Abdullayev yaralanıblar.

Baş çavuş Sahib Məmmədov 2020-ci il oktyabrın 24-də Yaycı kəndinin qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Məmmədov Sahib Yaşar oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. İbrahim Hüseynovun müəllifi olduğu “Qələbə şəhidləri” adlı kitabın 2-ci cildində, Manya Səxavətqızının müəllifi olduğu “Vətən fədailəri - Naxçıvan şəhidləri” adlı kitabın 1-ci cildində və “Bakı-Xəbər” qəzetinin 13-15 mart 2021-ci il tarixli sayında dərc edilmiş “Müqəddəs eşqin sahibi”, həmçinin, Alim Ağayevin  “Arazın səsi” qəzetinin 19 fevral 2021-ci il tarixli sayında çap olunmuş “Ömür yolu ilə vətənpərvərlik aşılayan şəhidim” başlıqlı məqalələrdə igid xüsusi təyinatlımızın həyat və döyüş yolu geniş işıqlandırılıb.

 Qeyd edək ki, Sahib Məmmədovlar ailəsində böyüyüb boya-başa çatmış dörd övladdan biri olub. Atası Yaşar Məmmədov 2013-cü ildə, qardaşı Ümid isə 2016-cı ildə vəfat ediblər. Anası Çiçək xanımın qeyd etdiyi kimi, ailə başçısı və kiçik övladı vəfat etdikdən sonra Sahib onun yeganə ümidi və təsəllisi, bacıları Aysel və Günelin isə tək arxa-dayağı idi: “Mənim balam çox mehriban, qeyrətli, vətənpərvər oğul idi. Eşitdiyimə görə, müharibə başlayanda dəstə komandiri ona deyib ki, sən getmə, atan və qardaşın dünyalarını dəyişib, xəstə anan, üç övladın var. Müharibədir, nə olacağını bilmək olmaz. Onları yalnız qoyma. Ancaq o, etiraz edib, “Yox, mən getməliyəm! Vətəni mən qorumayım, bəs kim qorusun?” - deyə etirazını bildiribmiş. Mən övladımla qürur duyuram, onunla fəxr edirəm. Düzdür, bir ana olaraq onun yoxluğuna görə çox əzab çəkirəm. Çünki Sahib ailəmizin yeganə arxa-dayağı idi. Amma bir vətəndaş kimi yenə də deyirəm: Vətən sağ olsun! Çünki Sahib kimi oğullar xalqımızın fəxridirlər”.

 2010-cu il oktyabrın 29-da Gülnar xanımla ailə həyatı qurmuş şəhid hərbi qulluqçumuzun Ayla, Məryəm və Rübabə adlı övladları yadigar qalıb. “Şəhidin həyat yoldaşı olaraq, onun haqqında çox sözləri qeyd etmək olar” - deyən Gülnar xanım bildirdi ki, Sahib ailəsinə, işinə bağlı çox məsuliyyətli və qayğıkeş bir insan olub: “Biz, sözün əsl mənasında, Sahibsiz qaldıq. Üç qızına hər zaman “mələklərim” deyən ata, ailəsini hər şeydən üstün tutan bir həyat yoldaşı idi. Mənə çox sual verirlər ki, “Sahib niyə döyüşə getdi, getməyə bilərdi”. Amma onlar bilmirlər ki, Sahib elə məhz ailəsini və Vətənini sevdiyi üçün döyüşlərə qatıldı. Mən ona getmə deyəndə, Sahibin cavabı: “Mən qardaşlarımı tək buraxa bilmərəm. Ailəmi elə birinci növbədə mən özüm qorumalıyam” – oldu.

Döyüşdə olduğu müddətdə qısa da olsa danışırdıq. Hər dəfəsində də sözü ancaq “Övladlarımın atası da, anası da sənsən. Məndən nigaran olmayın. Özünüzdən muğayat olun” – olardı. Sahibi on dörd il idi tanımışam. Özünü yox, ancaq ailəsini düşünən bir insan olub. Sahibsiz həyat çox çətindir. Lakin onun ailəsinə olan sonsuz sevgisi bizi hər zaman güclü edir”.

Sonda onu qeyd etmək istəyirəm ki, Vətən uğrunda canını qurban verən Sahib kimi oğullarımızın əziz xatirəsi hər birimizin qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin!

mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru