Aprelin 6-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində olmuşdur.

  Daxili Qoşunların Komandanı şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təhcizatı ilə yaxından tanış olmuş, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanmışdır.

  Hərbi hissə komandiri döyüş hazırlığının vəziyyəti, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji durumu barədə geniş məruzə etmişdir.

  General-mayor Ş.Məmmədov həmin gün övladları ilə görüşə gələn əsgər valideynləri ilə də görüşmüş, onların müraciətlərini dinləmişdir.

  Əsgər valideynləri ilə görüşün təşkil olunmasında əsas məqsədin onların müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan Daxili Qoşunların Komandanı əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, habelə sabitliyin qorunub saxlanılmasında mühüm rol oynayan DİN-in Daxili Qoşunlarının əldə etdiyi nailiyyətlər  barədə geniş məlumat vermişdir.

  Qeyd etmişdir ki, hal-hazırda Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunların şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış komplekslərinin, yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğısının nəticəsidir. Bütün bunlar gənclərimizin Vətənə layiqli övlad kimi formalaşması naminə həyata keçirilir”.  

  Daxili Qoşunlarda övladları üçün yaradılmış hərtərəfli şəraitə görə əsgər  valideynləri Respublika Prezidentinə, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

  Görüşdən sonra Daxili Qoşunlar Komandanı əsgər valideynlərini fərdi qaydada da qəbul etmiş, onların arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər vermiş, icrası mümkün olan  məsələlər isə yerindəcə həllini tapmışdır.