Oktyabrın 28-də Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyətinə həsr olunmuş növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən, məqsədyönlü siyasət nəticəsində aparılan dövlət quruculuğu işləri, Silahlı Qüvvələrin inkişafında öz müsbət təsirini göstərmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində ölkənin suverenliyi tam bərpa edilmişdir.

Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti respublikada, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai təhlükəsizliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, bütövlükdə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında yüksək hərbi intizam, peşəkarlıq və qətiyyətlilik nümayiş etdirmişdir. Hazırda şəxsi heyət polis əməkdaşları ilə birgə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ictimai asayişin və təhlükəsizliyin təmini üzrə xidməti vəzifələrin icrasını əzmlə davam etdirir.

Daha sonra daxili qoşunlar komandanının müavini - maddi-texniki təminat idarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyəti haqqında məruzə ilə çıxış edib.

Bildirilib ki, qoşun təsərrüfatının qış mövsümünə hazırlığı hissə və bölmələrin döyüş hazırlığının fasiləsiz təmin edilməsində, döyüş təlimində, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində, şəxsi heyətin maddi-məişət və mədəni tələbatlarının ödənilməsində, kazarma-yaşayış, texniki və tibbi təyinatlı obyektlərin, silah, texnika və avadanlıqların hazırlığında, maddi-texniki vasitələrin qorunub saxlanılmasında, ümumilikdə qoşunların hərtərəfli təminatında prioritet məsələlərdəndir. Bütün bunlar, hissə və bölmələrin döyüş hazırlığının fasiləsiz təmin edilməsinə və xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə əsas verir.

Qeyd edilib ki, qışa hazırlıq işlərinin planlı şəkildə aparılmasının təşkili məqsədilə, Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı tərəfindən təsdiq olunmuş tədbirlər planının icrası ilə bağlı Ali Hərbi Məktəbdə və hərbi hissələrdə yaradılmış komissiyalar tərəfindən yaşayış və qeyri-yaşayış binalarına, hərbi təsərrüfat obyektlərinə, istilik, elektrik, qaz, su və kanalizasiya sistemlərinə texniki baxışlar keçirilib, görüləcək işlərin həcmi müəyyən edilib, müvafiq aktlar tərtib edilərək işlərin yerinə yetirilməsi məqsədilə ehtiyac duyulan avadanlıqlar və materialların alınması üçün zəruri tədarük və təchizat həyata keçirilib.

 Bununla yanaşı, işğaldan azad olumuş ərazilərdə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb edilmiş şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yerləşmə və xidmət aparma yerləri zəruri əmlak və avadanlıqlarla təmin edilib.

Qış mövsümünə keçidlə əlaqədar qoşunların şəxsi heyəti mövsümi geyim əmlakları ilə təmin olunub, ərzaq məhsullarının tədarük edilməsi, normalara uyğun şəxsi heyətə çatdırılması, xörəklərin keyfiyyəti, əsgər yeməkxanalarının və iaşə obyektlərinin sanitar vəziyyəti nəzarətdə saxlanılıb, xidməti heyvanlar arasında baytar-proflaktiki və müalicə tədbirləri həyata keçirilib.

Həmçinin, qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə nəqliyyat vasitələrinin qış mövsümündə fasiləsiz istifadəsini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilərək, park təsərrüfatlarının hazırlığı yoxlanılıb.

Bundan əlavə, soyuq hava şəraitində şəxsi heyətin sağlamlığının qorunması ilə əlaqədar qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi barədə də məruzə edilib.

General-mayor F.Səmədov çıxışının sonunda əminliklə bildirib ki, Daxili Qoşunların Baş İdarəsinin Maddi-texniki təminat İdarəsi və hərbi hissə komandirlərinin maddi-texniki təminat üzrə müavinləri 2023-2024-cü illərin qış mövsümündə şəxsi heyətin sağlamlıqlarının qorunması, onların məişət şəraiti və təminatı, eləcə də texnikanın və silahların istismarının təşkil olunması üzrə qış mövsümi ilə bağlı üzərilərinə düşən vəzifələri tam həcmdə həyata keçirəcəklər.

Hərbi Şuranın iclasında mövcud vəziyyət, fəaliyyətdə qazanılmış nailiyyətlər, eləcə də yol verilmiş nöqsan və çatışmazlıqların yaranma səbəbləri, onların aradan qaldırılması istiqamətində görülən işlər barədə hərbi hissə komandirlərinin maddi-texniki təminat üzrə müavinlərinin hesabat-çıxışları dinlənilib.

İclasa yekun vuran general-leytenant Ş.Məmmədov qış mövsümünə hazırlıqla əlaqədar şəxsi heyətin maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması və texnikanın istismarı üzrə tədbirlər planında nəzərdə tutulmuş işlərin tam olaraq başa çatdırılması üçün aidiyyəti şəxslərə tapşırıqlarını verib.

Əminliklə bildirilib ki, Daxili Qoşunların şəxsi heyəti qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarının icrasını təmin edəcək, yüksək döyüş hazırlığını saxlamaqla qış mövsümünü uğurla başa vuracaqdır.