Oktyabrın 27-də Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Türkiyə Respublikasının Azərbaycan Respublikasında yeni təyin edilən hərbi attaşesi general-mayor Soner Oruçoğlunu qəbul edib.

Qonağı səmimi salamlayan general-leytenant Ş.Məmmədov onu ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edib, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirib. O, hazırda ölkələrimiz arasında mövcud olan çoxşaxəli əlaqələrin yüksək inkişafını vurğulayaraq, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq münasibətlərinin də uğurla inkişaf etməsindən danışıb. Xüsusi olaraq Vətən müharibəsi dövründə qardaş Türkiyənin ölkəmizə göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyin xalqımız tərəfindən olduqca yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qiymətləndirən Daxili qoşunların komandanı, Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini ifadə edib. Xüsusilə, Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan zabitlərinin təlim-tədris prosesinin inkişaf etdirilməsindəki önəmli fəaliyyətləri qeyd olunub.

Səmimi qəbul üçün təşəkkürünü bildirən general-mayor S.Oruçoğlu ikitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikasının bir sıra qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini də əlavə edib.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, iki ölkənin müvafiq qurumları arasında səmimi dostluq və hərbi əməkdaşlıq bundan sonra da uğurla davam edəcək.