Oktyabrın 24-də Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş hərbi attaşesi polkovnik Farhan Hayderi qəbul edib.

Qonağı səmimi salamlayan general-leytenant Ş.Məmmədov Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirərək, hazırda ölkələrimiz arasında mövcud olan çoxşaxəli əlaqələrin yüksək inkişafını vurğulayıb və Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hərbi əməkdaşlıq münasibətlərinin də uğurla inkişaf etməsindən danışıb. Eləcə də Vətən müharibəsi dövründə Pakistanın ölkəmizə göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qiymətləndirən daxili qoşunların komandanı, Pakistan İslam Respublikasının Hərbi Attaşeliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında son illərdə yaranmış qarşılıqlı əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən polkovnik F.Hayder, ikitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini söyləyib. Azərbaycanın Qarabağ bölgəsində cari ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən uğurlu antiterror tədbirlərinə görə təbriklərini çatdıraraq, bu döyüş əməliyyatının gələcəkdə digər ölkələrin müvafiq qurumları üçün nümunə olacağına inandığını deyib. Həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Pakistan İslam Respublikasının bir sıra hərbi qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini bildirib.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, iki ölkənin müvafiq qurumları arasında səmimi dostluq və hərbi əməkdaşlıq bundan sonra da uğurla davam edəcək.