2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunan kursantların sentyabrın 14-də təntənəli andiçmə mərasimi keçirilib.

Tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik  sükutla yad edilib. Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa edilib.

Ali Hərbi Məktəbə yeni qəbul olunmuş kursantlar hərbi and içərək, Vətənimiz Azərbaycana və onun xalqına sadiq olacaqları, dövlətimizin mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqları, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəkləri barədə söz veriblər.

 İlk olaraq çıxış edən məktəb rəisi polkovnik Elçin Məmmədov kursantların hərbi anda sadiq qalacaqlarına, hərb işini vicdanla öyrənəcəklərinə, hərbi ənənələri şərəflə davam və inkişaf etdirəcəklərinə, üzərilərinə düşən şərəfli və məsul vəzifələri layiqincə yerinə yetirəcəklərinə, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına və onlara göstərilən etimadı hər zaman doğruldacaqlarına inamını ifadə edib.

Andiçmə mərasimində iştirak edən Daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədovun andiçmə münasibətilə təbrik və tövsiyələrini çatdırıb. Təbrikdə qeyd olunub ki, Daxili Qoşunların bütün şəxsi heyəti kimi, bu gün sıralarımıza daxil olan kursantlar da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya 
 qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirəcək, Daxili Qoşunların sıralarının möhkəmlənməsi üçün səy göstərəcək, dövlət və dövlətçiliyimizin daha da gücləndirilməsi naminə öz fədakar xidmətlərini əsirgəməyəcəklər.

Əlavə olaraq, general-mayor İ.Muradov çıxışında bütün kursantların bu müqəddəs və şərəfli yolda daim inamla irəliləyərək, Vətənin müsəlləh əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmr və göstərişləri layiqincə yerinə yetirəcəklərinə, göstərilən etimadı hər zaman doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərinə inamını ifadə  edib.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.