Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Daxili Qoşunlar gününün 29-cu ildönümünü qeyd edir. Bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış “Əbədi məşəl” önünə əklil qoyulub, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının abidəsi ziyarət olunub.
 
Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan edilib. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına ilk dəfə olaraq 1992-ci il mart ayının 12-də başlamışlar.
 
Artıq 29 ildir ki, Daxili Qoşunların hərbi qulluqçuları hər zaman öz andına sadiq qalaraq respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, bütövlükdə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında professionallığı və qətiyyətliliyi ilə fərqlənmişlər.

 Daxili Qoşunların hərbi qulluqçuları istər 1992-1994-cü illərdə baş vermiş Birinci Qarabağ, istərsə də 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmiş, gənc nəsillərə örnək olacaq əsl qəhrəmanlıq nümunələri göstərmişlər.
 
Müstəqillik illərində ölkə həyatının hər bir sahəsində olduğu kimi, ordu quruculuğunda yaranmış canlanma Daxili Qoşunlardan da yan keçməmiş, qoşunlar Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edərək döyüş hazırlığının artırılması, hərbi intizamın yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi üzrə nəzərəçarpacaq irəliləyişlər əldə edib. Mərhələlərlə və ardıcıl həyata keçirilən hərtərəfli quruculuq işləri nəticəsində Daxili Qoşunlar qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməyə qadir olan, qanunla müəyyən edilmiş hərbi birləşmə kimi dövlətimizin etibarlı dayaqlarından birinə çevrilib. Ağır sınaqlardan üzüağ çıxan, ildən-ilə mətinləşən, formalaşan Daxili Qoşunlar dövlətimizə, dövlətçiliyimizə qarşı yönəlmiş qüvvələrlə barışmaz mübarizə aparıb, ictimai sabitliyi, vətəndaşların əmin-amanlığını layiqincə təmin edib.

 Milli mənafelərin keşiyində həmişə ayıq-sayıq dayanan qoşunlar qanunvericiliklə müəyyən edilmiş vəzifələrini bu gün də uğurla yerinə yetirərək, qarşıya çıxan qəfil tapşırıqların icrasında yüksək operativlik nümayiş etdirirlər. Paytaxtda və bölgələrdə xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi, hərbi vəziyyət rejimi ilə əlaqədar döyüş xidmətinin aparılması və ictimai asayişin qorunması vəzifələri tam həcmdə yerinə yetirilir. İşğaldan azad olunmuş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən polis orqanlarının əməkdaşları ilə birlikdə ictimai qaydanın qorunması təmin olunur.
 
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun, həmçinin, daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədovun Daxili Qoşunlar gününün 29-cu ildönümü münasibətilə şəxsi heyətə ünvanladıqları təbriklərdə vurğulandığı kimi, Daxili Qoşunlar bundan sonra da xalqımızın, dövlətimizin və çiçəklənən Azərbaycanımızın mənafeyi naminə bütün vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.