12 mart 1992-ci ildə Daxili Qoşunların Biləcəri qəsəbəsində, Sumqayıt və Gəncə şəhərlərində yerləşən "N" saylı hərbi hissələri erməni işğalçıları ilə döyüşə başlamış, ərazi bütövlüyümüz uğrunda əvvəlcə Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşmuşlar. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, Daxili Qoşunların ilk dəfə döyüşə başladığı həmin gün - 12 mart tarixi rəmzi olaraq "Daxili Qoşunların günü" kimi müəyyən edilmişdir.

Bu döyüşlərdə iştirak edən hərbi qulluqçularımızdan çavuş Hatəmxan Babayev, leytenant Rafiq İsmayılov və baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olmuşlar. Daxili Qoşunların Ağdam alayının döyüş yolu igidlik və qəhrəmanlıqla zəngindir. Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri bu alayın şəxsi heyətinin cəsarəti, qəhrəmanlığı ilə azad edilmiş və müdafiə olunmuşdur. Döyüşçülərimiz Vətənə övladlıq borcunu şərəflə yerinə yetirmişlər. Onlardan biri -  Elpərəst Hüseynov Çıldıran kəndinin azad olunması zamanı düşmənin 70-dən çox canlı qüvvəsini məhv etmişdir. O, sol qolunu itirməsinə baxmayaraq, son damla qanına qədər vuruşmuş və düşməni bir addım belə irəliləməyə qoymamışdır.

Daha bir cəsur hərbçi gizir Mahir Hümbətov komanda-qərargah maşını düşmənin əlinə keçməsin deyə onu partlatmış, özü də qəhrəmancasına həlak olmuşdur.
Digər bir qəhrəmanlıq nümunəsi Aterk kəndinin müdafizəsi zamanı göstərilmişdir.

Gəncə alayının 38 nəfər hərbi qulluqçusu hücuma keçən silah-sursat, zirehli texnika baxımından sayca üstün olan düşmənin qarşısından geri çəkilməmiş, son güllələri bitənədək müqavimət göstərmişlər.

Belə bir vəziyyətdə əliyalın olsalar belə, əlbəyaxa döyüşə atılan cəngavər döyüşçülərimiz düşmənin mühasirəsinə düşmüş, əlləri-qolları bağlanaraq, diri-diri yandırılmışlar. Şəhidlər Xiyabanında onların qəhrəmanlığını əks etdirən məzarüstü lövhədə hər birinin adı həkk olunmuşdur.

Digər bir nümunə kimi Füzuli rayonu istiqamətində beş hərbi qulluqçumuzun rəşadətini göstərmək olar. Onlar adi silahla düşmən tankı qarşısından geri çəkilməyərək qəhrəmancasına şəhid olmuşlar. Məzarları Füzuli rayonunun Böyük Bəhmənli kəndindədir.

Birinci Qarabağ müharibəsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuş, 5 nəfər itkin düşmüş, 1178 nəfər yaralanmışdır. 9 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür (8-i ölümündən sonra). Vətən müharibəsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuş, 346 nəfər yaralanmışdır. 4 nəfər Vətən Müharibəsi Qəhrəman adına layiq görülmüşdür (1-i ölümündən sonra). Həlak olan igid oğulların bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilmiş, 24 məktəbə, 7 məhəllə və küçəyə, bir körpüyə, bir mədəniyyət evinə onların adları verilmişdir.  
 

                                

 

                   BİR DÖYÜŞ XATİRƏSİNİN SORAĞI İLƏ...

İllərdir işğal altında qalan torpaqlarımızın həsrətilə yaşamaq çətindir. Özü də həmin torpaqlarda yaşamış və döyüşmüş insanlar üçün bu dərd yükü daha böyük iztirabdır. Bir gün o yurdlara qovuşacağımıza inamı qoruyub saxlamaq və bunun üçün mübarizə aparmaq vətənpərvər insanın öz mənəvi gücünü və iradəsini toparlamasına söykənir. Bu toparlanma hissi əsl vətənpərvərlik meyarıdır. Vətənin güvəndiyi döyüşçünün məqsəd və amalına inamı onu fədakarlığa ruhlandırır. Mən bu hikməti müharibə sınaqlarında gördüm və duydum. Ölümlü-itimli döyüşlərdə həyatını fəda etmiş şəhidlərimiz bu uca mənəvi zirvənin müqəddəsliyini örnək olaraq göstərdilər. Torpaq, onun uğrunda ölən varsa Vətən olur. Şəhid qanı axan torpaq yağı tapdağında qalmayacaqdır. Şəhid məzarları üstündə dediyimiz bu and hərbi and qədər önəmlidir. Bugünkü nəsil üzərinə düşən bu vəzifənin yerinə yetirilməsini gələcək nəsillərə saxlaya bilməz. Onun buna haqqı da yoxdur.

Müharibə ilə bağlı yazılarımda və çıxışlarımda belə bir məqamı xüsusi vurğulamışam ki, döyüş itkilərimiz, şəhidlərin döyüş yolu, itkinlərimizin və əsir düşənlərimizin taleyi ağrı-acılı qan yaddaşımızdır. Bu mövzuda araşdırmalar, tədqiqatlar həmişə öz aktuallığını qoruyub saxlayacaqdır. Mənim də müharibə yaddaşımda şəhidlər, itkinlər və yaralılarımız haqqında, ayrı-ayrı döyüş məqamlarını yaşadan xatirələrim var. Bəzən bu xatirələri bölüşməyə, bir növ onların yükündən azad olmağa kəskin ehtiyac duyursan. Ancaq bəzən də bu xatirələrlə baş-başa qalmağa daha çox meyillənirsən və elə hisslər, duyumlar qəlb dünyana hakim kəsilir ki, özünə qapılırsan...

Döyüşçü yoldaşlarımın arasında şəhid olanlar az deyil. Elələri də var ki, döyüşlərdə itkin düşüb və onların taleyini həmişə düşünmüşəm. Bu yazıda bir döyüş xatirəsindən söhbət açmaq istəyirəm.

1993-cü ilin iyun ayından başlayaraq ermənilərin Ağdam rayonu ərazisinə hücumları artmışdı. Həmin vaxta qədər düşmən Ağdərə istiqamətində əks hücuma keçərək bir çox yaşayış məntəqələrini və yüksəklikləri ələ keçirmişdi. Həmçinin, hər daşı-qayası bir istehkam olan Kəlbəcəri itirmişdik. Ölkədaxili ictimai-siyasi vəziyyət də çox gərgin idi. Gəncədə baş verən hadisələr ön cəbhədə vuruşan qüvvələrə də öz mənfi təsirini göstərirdi. Ancaq səngərlərdə dayanan oğullar, arxada baş verən bütün bu qarışıqlığa baxmayaraq, düşmənin hücumlarını dəf etmək üçün gücləri çatanı edirdilər.

1993-cü il iyun ayının 17-də Ağdamın Qalayçılar kəndinin müdafiəsində dayanmışdıq. Həmin gün səhər açılandan ermənilər kəndi müxtəlif silahlardan atəşə tutmağa başladı. Hətta kəndin ərazisi və ön mövqelərimiz minaatanların zərbəsinə məruz qaldı. Döyüşün qızğın vaxtında artıq ayrı-ayrı cinahlardakı mövqelərimizin arasında əlaqə kəsilmişdi. Bu ağır döyüşdə Qalayçılara heç bir kömək gəlmədi. Bəzi mövqelərimiz mühasirə vəziyyətinə düşdü. O döyüşdə Elman Məmmədov, Arif Əsgərov, Süleyman Quliyev, İlqar Şirvanov, Maarif Siracov və başqa döyüşçü yoldaşlarım itkin düşdü. Döyüşçülərdən Ariz Bayramovu da itkin bilirdik. Ancaq o, işğal olunmuş kənddən gecə vaxtı çıxa bilmişdi. Ariz yaralanmışdı və qospitala göndərildiyindən, onu həmin vaxt görə bilməmişdim. Sonralar hərbi xidmətini başqa hərbi hissədə davam etdirməsi səbəbindən görüşə bilməmişdik. O, 1996-cı ildə hərbi xidmətdən tərxis olundu, mən isə hərbi xidmətdə qaldım. Beləcə, illər ötdü, yolumuz kəsişmədi. Ancaq onu gec də olsa tapıb görüşməyimizi arzulayırdım. Onun Qalayçılarda itkin düşən bəzi döyüşçülərimizlə bir mövqedə olması onların qaranlıq taleyinə işıq sala bilərdi. O ağır döyüşdə onları ən sonuncu görən Ariz olmuşdu. Arizin özünün başına gələnləri də bilmək istəyirdim. Nəhayət, uzun müddət keçsə də, döyüşçü yoldaşımla görüşmək arzum həyata keçdi. Bu yaxınlarda Biləsuvardakı Nərimankəndə - Arizin yaşadığı ünvana getdim. Uzun illərin ayrılığından sonra görüşdük, səngərli günlərimizi yada saldıq. Ariz mənə danışdı ki, Qalayçılar döyüşündə olduğu mövqeni əldə saxlamaq mümkün olmadıqda atışa-atışa kəndin içərilərinə doğru geri çəkiliblər. Bu zaman o, sol baldır nahiyəsindən güllə yarası alıb. Onun yanında olan döyüşçü yoldaşları, o cümlədən, yazıda adlarını çəkdiyim döyüşçülərdən bir neçə nəfəri kənddəki evlərdən birinə sığınıblar və Arizin yarası da burada sarınıb. Ancaq düşmən onların yerini aşkar edib və oranı atəşə tutmağa başlayıb. O vəziyyətdə döyüşçü yoldaşları yaralı Arizi evdə gizlətməyə macal tapıb. Belə ki, evdəki bir qapalı yerdə döyüşün sonuna kimi qalmalı olub. Dediyinə görə, şiddətli atışma səsi kəsildikdə ermənilərin səsini eşidib. Adlarını qeyd etdiyim döyüşçülərdən döyüşdə kimin şəhid olduğunu, kimin yaralı vəziyyətdə əsir düşdüyünü görməyib. Belə ki, gizləndiyi yerdən bunu görmək mümkün olmayıb. Ermənilər evi axtarsalar da, onun gizləndiyi qapalı yeri aşkarlamayıblar. O anlarda keçirdiyi həyəcanı, təlaşı, başının üstünü alan ölüm təhlükəsini, güllə yarasının ağrısını xatırlamaq onunçün çətin idi. Bildirdi ki, o anda oradan sağ-salamat çıxacağına gümanı az olub. “Ermənilər məni tapsaydılar, əsir düşməkdənsə, özümü öldürərdim” - dedi. Ariz qaranlıq düşəndən sonra həmin evi tərk edib. Deyir ki, ermənilər kənddəki evləri yandırırdılar. Alışıb yanan evləri görmək dəhşətli idi. Ermənilər “yandırılmış torpaq” taktikasını Qalayçılarda da tətbiq edib. Ariz qaranlıq olsa da, yenə də öz ehtiyatlılığı, cəsarəti və məharəti sayəsində təhlükəli ərazidən çıxmağa müvəffəq olub. Əraziyə yaxşı bələd olması onun köməyinə yetib. Dediyinə görə, Qalayçılardan çıxarkən kəndin qırağındakı evlərdən birini yandıran erməni əsgərini görüb. Düşmən əsgəri tək imiş. Ariz fürsətdən yararlanaraq, onu sərrast atəşlə məhv edib. Beləcə, gecə vaxtı qonşu kənddəki mövqelərimizə gəlib çıxa bilib.

Ariz Ağdamın və Ağdərənin bir çox yaşayış məntəqələri və yüksəkliklərində şərəfli döyüş yolu keçib. Ənvər Arazov, İlham Ağakişiyev, Oqtay Eynullayev və digər şəhid zabitlərin mərdliyinin, Rüstəm Dəmirov kimi cəsur komandirlərin əzmkarlığının, şəhid Elpərəst Hüseynov (Kobra) kimi döyüşçülərin şücaətinin şahidi olub. “Şəhidlərimizi heç vaxt  unutmamalıyıq, onların qisasını almasaq, düşməni torpağımızdan qovmasaq, rahat və qürurlu yaşaya bilmərik” - dedi.

Bu gün müharibə veteranı kimi Ariz Bayramov övladlarına da Vətən sevgisini aşılayır. Onlara döyüşçü qardaşlığına qəlbən bağlılığından da bəhs edir. Arizin kənddə hamı hörmətini saxlayır. Həmişə o fikirdə olmuşam ki, el-oba qədrini bilən şəxs Vətən üçün də can yandırar. İnsanın Vətən sevgisi onun ata ocağından başlayır. Ata ocaqlarımız və el-oba xeyir-duası həmişə bizə qüvvət verib, bundan sonrakı sınaqlarda da belə olacaq.