Avqustun 7-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib.

Daxili Qoşunların Mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, mərasim Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa edilib. Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Tədbirdə çıxış edən hərbi hissə komandiri polkovnik-leytenant Telman Həsənov əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladıb.

Sonra tədbirdə iştirak edən Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı hərbi andiçmə münasibətilə əsgərləri təbrik edib. Daxili Qoşunların komandanı hərbi andı qəbul etdikləri günün hərbi qulluqçuların həyatında unudulmaz, şərəfli və təntənəli bir gün olduğunu vurğulayıb. O, xüsusi olaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı və qurucusu olduğu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsi olan Daxili Qoşunlar məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində yüksək döyüş hazırlığına, sosial və maddi-texniki bazaya malik olmuşdur. Bu gün də hörmətli Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ulu Öndərimizin ənənələrini, onun Silahlı Qüvvələrə olan diqqət və qayğısını uğurla davam etdirir. Eyni zamanda bu gün Daxili Qoşunların peşə və döyüş hazırlığının möhkəmləndirilməsi məqsədilə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr və göstərişlərinə uyğun davamlı tədbirlər həyata keçirilir.

General-leytenant Ş.Məmmədov hərbi andın Azərbaycanın cəsur, sədaqətli vətəndaşı olmaq üçün əsgərlərin atdığı ilk addım olduğunu qeyd edərək, Vətənin taleyinin yalnız millətini, torpağını sevən, onun uğrunda canını hər an fəda etməyə hazır olanlara etibar edildiyini bildirdi: “Qəlbinizdə, düşüncənizdə ancaq Vətənə namusla, ləyaqətlə xidmət etmək hissi olsun. Sizə həvalə olunmuş bütün vəzifələri uğurla yerinə yetirməyi, sıralarına daxil olduğunuz Daxili Qoşunların adını və nüfuzunu qorumağı, ucaltmağı arzu edirəm”.

Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı əsgərləri hərbi andiçmə münasibətilə bir daha təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun dövlət və dövlətçilik naminə əmrlərini yerinə yetirməyə hər an hazır olacaqlarına, dövlətimiz tərəfindən göstərilən ali diqqət və qayğıya fədakar xidmətlərilə cavab verəcəklərinə əminliyini bildirib.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Qeyd edək ki, Daxili Qoşunlar komandanının müavini - Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədovun və Daxili Qoşunların Baş İdarəsində İnspeksiyanın rəisi polkovnik Rəşadət Nəbiyevin iştirakı ilə digər iki hərbi hissədə də andiçmə mərasimləri keçirilib.
 
 
"ORDU.AZ" internet saytı, Bakı şəhəri, 7 avqust 2020-ci il.