Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Daxili Qoşunların Baş İdarəsində videokonfrans formatında “2020-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında” Hərbi Şuranın iclası keçirilib.   

 İclasda giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov diqqətə çatdırıb ki, ötən dövr ərzində xidməti-döyüş fəaliyyətinə yekun vurularkən ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində qələbəsi vurğulanmalıdır: “Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atmış və düşmən ölkənin 30 il davam edən işğalçılıq siyasətinə son qoyulmuşdur. Bu zəfərin qazanılmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da üzərinə düşən şərəfli missiyanı yerinə yetirmiş, Vətən uğrunda şəhidlər vermişdir. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə isə tez bir zamanda şəfa diləyirik. Müharibədən sonra işğaldan azad olunmuş torpaqlarda aidiyyəti vəzifələrin yerinə yetirilməsi müəyyən edilmiş və Daxili Qoşunların şəxsi heyəti polis əməkdaşları ilə birgə hal-hazırda bu istiqamətdə fəaliyyəti davam etdirir”.

Bundan əlavə, dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş xüsusi karantin rejimində polis əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirildiyi və qoşunların bu istiqamətdəki fəaliyyətinin qənaətbəxş olması diqqətə çatdırıldı.

2020-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunları barədə Daxili qoşunlar komandanının  1-ci müavini - qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə etdi.

Qeyd olundu ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinə sarsıdıcı zərbələr endirməklə əzəli torpaqlarımızı azad edib, tarixi qələbə qazanıb. Bu tarixi missiyanın yerinə yetirilməsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının da öz rolu olub: “Vətən uğrunda qoşunların şəxsi heyətindən 65 nəfər şəhid olmuş, 347 nəfər hərbi qulluqçu isə yaralanmış və xəsarət almışdır. Qürur hissi ilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, habelə hərbi qulluq vəzifəsini icra edərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə qoşunların 1377 nəfər şəxsi heyəti müxtəlif təsnifatlı orden və medallarla mükafatlandırılmışdır”.

Əlavə olaraq qeyd olundu ki, cari il ərzində qarşıya qoyulmuş tapşırıqlar və müəyyən edilmiş vəzifələr tam həcmdə yerinə yetirilib. Hərbi vəziyyətin hüquqi və pandemiya ilə əlaqədar karantin rejimlərinin, o cümlədən bir sıra mühüm dövlət və digər tədbirlərdə Daxili Qoşunların şəxsi heyəti polis əməkdaşları ilə birlikdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində fəali iştirak edib, müəyyən edilmiş tapşırıqlar layiqincə və keyfiyyətlə icra olunub. Koronavirus pandemiyası ilə əlaqədar müəyyən edilmiş bir sıra qadağa tələbləri nəzərə alınmaqla, qoşunlarda təlim prosesi müvafiq direktivin tələbləri əsasında keçirilib.

Bununla yanaşı, məruzədə 2020-ci il ərzində Daxili Qoşunların şəxsi heyəti ilə tərbiyə işinin təşkilinin və hərbi intizamın vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb. Bildirilib ki, Respublikada baş verən ictimai-siyasi hadisələr daim diqqət mərkəzində saxlanılmış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm dövlət quruculuğu prosesi, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyəti, işğal altında olan torpaqlarımızın azad edilməsi, dövlətimizin beynəlxalq arenada nüfuzunun artması şəxsi heyət arasında geniş təbliğ edilib. Qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsi, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınması, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılması diqqətdə saxlanılan məsələlərdən olub.

Həmçinin, cari il ərzində Daxili Qoşunlarda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı tədbirlərin ardıcıllıqla davam etdirilməsi, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması və hərbi qulluqçuların zəruri tələbatlarının təminat normalarına uyğun təmin olunması da diqqətə çatdırılıb.  Qeyd edilib ki, qoşunların maddi-texniki təminatının əsas istiqamətləri qarşıda duran vəzifələrin və xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün tələb olunan vasitələrlə hərbi hissələrin təmin edilməsinə yönəldilib.

Şəxsi heyətin sağlamlıq vəziyyəti də daim diqqət mərkəzində saxlanılmış, bu məqsədlə tələb olunan müalicə-profilaktik və sanitar-epidemioloji tədbirlər aparılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında yaralanmış və travma almış hərbi qulluqçuların müalicəsi və reabilitasiyası üçün zəruri tibbi tədbirlər həyata keçirilmiş, habelə şəxsi heyət arasında koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınmasına, xəstəliklərin erkən aşkar olunmasına, eləcə də vaxtında hospitalizasiyasına və müalicəsinə xüsusi önəm verilmişdir. Hərbi hissələrdə əksepidemik, müxtəlif virus və infeksiya mənşəli xəstəliklərə qarşı tədbirlər vaxtında həyata keçirilmişdir.

Daha sonra bir neçə hərbi hissə komandirlərinin və onların müavinlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetirib.

Çıxışlardan sonra Daxili qoşunların komandanı növbəti yarımildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.

Sonda iclasa yekun vuran general-leytenant Ş.Məmmədov Daxili İşlər Nazirliyinin mühüm struktur qurumu olan Daxili Qoşunların müasir silah və texniki vasitələrlə təchizatının, şəxsi heyətin sosial məişət şəraitinin Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən daim diqqətdə saxlanıldığını qeyd etmişdir. Daxili Qoşunların şəxsi heyətinin Vətən müharibəsində qəhrəmanlıq salnaməsinin və gündəlik xidməti-döyüş fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildiyini bildirərək, fəaliyyətimizə olan bu diqqətin və verilən qiymətin şübhəsiz olaraq, Daxili Qoşunların şəxsi heyətini gələcəkdə daha böyük nailiyyətlərin əldə edilməsinə ruhlandıracağını vurğulayıb. O, Daxili Qoşunların şəxsi heyətinin bundan sonra da müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulacaq tapşırıqların tam həcmdə və əzmlə yerinə yetiriləcəyinə əminliyini ifadə edib və hərbi qulluqçulara fəaliyyətlərində uğurlar arzulayıb.





Çap et  Çap et