Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Bu gün beynəlxalq birlik koronavirus pandemiyası ilə mübarizəni davam etdirir, təhlükəli infeksiyanın yayılmasının qarşısının alınması üçün dünya ölkələri birgə səylər göstərirlər. Ayrı-ayrı dövlətlərdə koronavirus infeksiyasının törətdiyi ağır fəsadlar dövlət qurumlarının vəziyyətin öhdəsindən gələ bilmədiklərini, əhalinin karantin rejimi tədbirlərinə lazımi səviyyədə riayət etmədiyini təsdiqləyir. Belə bir durum həmin dövlətlərin təhlükəsizliyi, səhiyyə sisteminin dayanıqlığı, sosial-iqtisadi sabitliyi üçün ciddi təhdid faktorudur.

Azərbaycan COVID-19 pandemiyası ilə bağlı beynəlxalq ictimaiyyətdən kömək istəməyən, ancaq xarici ölkələrə bu istiqamətdə yardımını əsirgəməyən dövlətdir. Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən pandemiya vəziyyəti elan olunduğu gündən indiyədək respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması yönündə effektiv tədbirlər həyata keçirilir. Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizin ərazisində xüsusi karantin rejimi elan olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq, pandemiya əleyhinə karantin tədbirlərinin həyata keçirilməsinə ümumi rəhbərlik edir, bu işdə dövlət qurumlarının fəaliyyətini əlaqələndirir. Dövlət başçısının rəhbərliyi altında görülmüş çoxşaxəli qabaqlayıcı profilaktik tədbirlər nəticəsində ölkəmiz bu bəşəri bəladan az itkilərlə çıxmağa müvəffəq olur, epidemioloji vəziyyət nəzarət altındadır. Respublikamızın sərhədləri müvəqqəti olaraq bağlıdır, buna baxmayaraq, xarici ölkələrdə köməksiz vəziyyətdə qalan soydaşlarımız mərhələli şəkildə Vətənə qaytarılır. Ölkə daxilində vətəndaşların bölgələrarası sərbəst hərəkəti məhdudlaşdırılıb.

Pandemiya ilə əlaqədar işləməyən vətəndaşlarımıza, aztəminatlı ailələrə dövlətimiz maddi yardım göstərir. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xüsusi rejimli xəstəxanalar fəaliyyət göstərir. Müasir xəstəxana kompleksləri, eləcə də modul tipli xəstəxanalar COVID-19 diaqnozu qoyulan xəstələrin ixtiyarına verilib. Ölkəmizdə tibbi maska, digər qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr istehsal edən müəssisələrin açılışı olub. Yüz minlərlə insan xəstəliyə yoluxmanı müəyyən etmək üçün tibbi testdən keçib. Bundan əlavə, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Karantin rejiminin təmin olunmasında texnoloji innovasiyalar da tətbiq edilir. Əhali arasında koronavirus infeksiyası ilə bağlı geniş maarifləndirmə işi aparılır.

Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən pandemiya şəraitində irəli sürülən “Biz birlikdə güclüyük!” şüarı üzləşdiyimiz təhlükə qarşısında ictimai həmrəyliyə çağırışdır. Güclü dövlət amili və ictimai həmrəyliyə nail olunması pandemiyanın mənfi təsirlərini önləmək və ortadan qaldırmaq baxımından çox əhəmiyyətlidir. Vətəndaşlarımızın böyük əksəriyyəti bu məqamı düzgün dərk edərək, dövlət başçısının sözügedən çağırışını dəstəkləyir, ona ünvanlanan məktublarda belə həssas günlərdə əhaliyə göstərilən dövlət qayğısına görə öz minnətdarlığını bildirir.

Daxili Qoşunların şəxsi heyəti və veteranları üçün də Ali Baş Komandanın “Biz birlikdə güclüyük!” şüarının hazırkı vəziyyətdə böyük ictimai və sosial əhəmiyyəti aydındır. Dövlət başçısının hər bir çağırışı kimi, bu məsələ ilə bağlı xalqımıza müraciətinə də hərbi qulluqçularımız və veteranlarımız öz dəstəklərini bildirirlər.

Artıq bir neçə aydır ki, Daxili Qoşunların hərbi qulluqçuları polis əməkdaşları ilə birgə ölkəmizin paytaxtı və bölgələrində karantin rejimi qaydalarının təmin olunması üzrə layiqincə fəaliyyət göstərir, peşəkarlıq nümunəsi nümayiş etdirirlər.

Daxili Qoşunların veteranları da karantin rejiminə ciddi riayət edir, sosial şəbəkələrdə, dövri mətbuatda, ictimaiyyətin ayrı-ayrı qrupları ilə ünsiyyətlərində bu mövzuda geniş maarifləndirmə aparılmasına öz töhfələrini verirlər. Veteranlarımız tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul vəsaiti də köçürülüb. Bundan əlavə, bir qrup veteranımız karantin dövründə aztəminatlı ailələrə ərzaq yardımı göstərilməsində fəal iştirak edib və hazırda da bu addımlar atılır.

Ehtiyatda olan və pensiya alan veteranlarımız vətəndaşların bankomatların qarşısında cəmləşməsinin qarşısının alınması, sosial məsafə prinsipinə riayət edilməsinin asanlaşdırılması üçün pensiya və veteran müavinətlərinin xüsusi cədvəl, habelə gün ardıcıllığı üzrə ödənilməsinin həyata keçirilməsini də onlara dövlət qayğısının təzahürü kimi qiymətləndirirlər.

Ümumilikdə, Azərbaycan dünyada hökm sürən çətin pandemiya şəraitində iqtisadi itkilərə baxmayaraq, öz daxili və xarici siyasətində insan faktorunu, əhalinin sağlamlığını və sosial rifahını prioritet məsələ kimi önə çəkir.

Cəmiyyət olaraq, pandemiya ilə mübarizədə birlik nümayiş etdirməli, dövlətimizin yanında olmalı, karantin qaydalarının pozulmasına yol verməməli, məsuliyyətsiz davranan soydaşlarımıza ictimai qınağı gücləndirməli, həkimlərimizin, bütövlükdə, tibb işçilərinin zəhmətinə dəyər verməli, ölkəmizin bu infeksiyanın fəsadlarından büdrəməsini, zəifləməsini istəyən düşmən ölkənin varlığını heç vaxt nəzərdən qaçırmamalıyıq.

Milli birlik və ictimai həmrəylik hər bir dövlətin varlığının və sabit inkişafının əsas təməlləridir.
 
                                   
                                 
 





Çap et  Çap et