Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

 2019-cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunan kursantların sentyabrın 14-də təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə kursant valideynləri iştirak ediblər.

Tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayıb.

Azərbaycan xalqının Milli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik  sükutla yad edilib, Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrinin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov çıxış edərək Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun  kursantlara andiçmə münasibətilə təbrik və tövsiyələrini çatdırıb. Daha sonra hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sədaqət andı içən kursantların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

Bildirilib ki, Daxili Qoşunların bütün şəxsi heyəti kimi, bu gün sıralarımıza daxil olan kursantlar da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirəcək, Daxili Qoşunların sıralarının möhkəmlənməsi üçün səy göstərəcək, dövlət və dövlətçiliyimizin daha da gücləndirilməsi naminə öz fədakar xidmətlərini əsirgəməyəcəklər.

Daha sonra Ali Hərbi Məktəbə yeni qəbul olunmuş kursantlar hərbi and içərək, Vətənimiz Azərbaycana və onun xalqına sadiq olacaqları, dövlətimizin mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqları, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəkləri barədə söz veriblər.

Kursantlar adından çıxış edən Cabbar Haqverdiyev müqəddəs bayrağa əl basaraq and içdiklərini, zabit adına hər zaman layiq olmağa çalışacaqlarını, hərb işini vicdanla öyrənəcəklərini, hərbi ənənələri şərəflə davam və inkişaf etdirəcəklərini, üzərilərinə düşən şərəfli və məsul vəzifələri layiqincə yerinə yetirəcəklərini, onlara olan etimadı hər zaman doğruldacaqlarını ifadə edib.

Valideynlər adından çıxış edən Hamlet Rzazadə isə bütün kursantları, həmçinin, valideynləri təbrik edib, onları bu müqəddəs və şərəfli yolda hər bir kursanta dəstək olmağa çağırıb. Kursantlarla yanaşı, hər bir valideynin də Vətənin müsəlləh əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmr və göstərişləri layiqincə yerinə yetirməyə hazır olduqlarını nəzərə çatdırıb.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.





Çap et  Çap et