Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

 Sentyabrın 10-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov xidməti ezamiyyətini başa vuran Daxili Qoşunlar Komandanının müşaviri polkovnik Mustafa Çekiçi qəbul edib.

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı qarşılıqlı xoş münasibətlərdən söz açan general-leytenant Ş.Məmmədov Türkiyə Jandarm Baş Komandanlığının Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan hər bir hərbi qulluqçusunun təlim-tədris prosesinin inkişafı və təkmilləşdirilməsi istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb. Xüsusilə Daxili Qoşunların xüsusi təyinatlı bölmələri üçün Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının müvafiq təlim-tədris mərkəzlərində yeni kursların təşkili istiqamətində göstərdiyi təşəbbüslərə görə polkovnik Çekiçə təşəkkürünü bildirib.

Polkovnik M.Çekiç öz növbəsində, Daxili Qoşunlarda xidməti ezamiyyətdə olmaqdan məmnun olduğunu ifadə edərək, bu müddət ərzində ona göstərilən diqqət və qayğıya görə Daxili Qoşunlar Komandanına dərin minnətdarlıq hisslərini çatdırıb.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, iki qardaş ölkənin müvafiq qurumları arasında səmimi dostluq və hərbi əməkdaşlıq bundan sonra da uğurla davam edəcək.

Öz səmimi arzularını dilə gətirən general-leytenant Ş.Məmmədov polkovnik M.Çekiçə təyin olunduğu yeni vəzifədə, qarşıdakı fəaliyyətində müvəffəqiyyət və şəxsi həyatında xoşbəxtlik diləyib.

Görüşün sonunda Daxili Qoşunların Komandanı polkovnik M.Çekiçi “Xidmətdə fərqləndiyinə görə” döş nişanı ilə təltif edərək, ona Daxili Qoşunların yaranmasının 25-ci ildönümünə həsr olunmuş kitabı təqdim edib və xatirə şəkli çəkilib.





Çap et  Çap et