Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Daxili Qoşunlarda son illər formalaşmış müsbət ənənələrdən biri də Daxili Qoşunların Komandanının veteranlarla müntəzəm olaraq görüşlərinin keçirilməsidir. Bu görüşlər veteranlara diqqət və qayğının təzahürüdür. Onların problemlərinə həssas yanaşılması, müraciət etdikləri məsələlərin həllinə köməklik göstərilməsi, bilik və təcrübələrindən istifadə edilməsi veteranların qoşunlarla mənəvi bağlılığını möhkəmləndirən amildir. Təqdirəlayiq haldır ki, veteranlar qoşunların həyatı ilə yaxından maraqlanır, şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsi işində fəal iştirak edirlər. Həmçinin, cəmiyyətdə Daxili Qoşunların ictimai nüfuzunun artırılmasında da veteranlarımızın layiqli töhfələri müsbət nümunə kimi qeyd olunmalıdır. Məhz bütün bu məqamlar nəzərə alınaraq, veteranların qoşunlarla əməkdaşlığına da xüsusi diqqət yetirilir.

Dekabrın 22-də 25031 saylı hərbi hissədə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun qoşunların veteranları ilə növbəti görüşü oldu. Daxili Qoşunların Komandanı veteranları salamlayaraq, hər belə görüşdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, Silahlı Qüvvələr veteranı vəsiqələrinin təqdim olunması ilə yanaşı, Veteranlar Şurasının geniş tərkibdə görüş keçirilməsi təşəbbüsünü də dəstəkləyib. O, Silahlı Qüvvələr veteranı vəsiqələrinin təqdim olunmasının davam etdirildiyini nəzərə çatdırdı. Daxili Qoşunlarda bu işin öncül olaraq və çevik reallaşdırıldığını, ehtiyatda olan hərbi qulluqçuları da əhatə etdiyini xüsusi vurğuladı.

Sonra general-leytenant Ş.Məmmədov əmrlə müəyyən olunmuş qaydada Silahlı Qüvvələr veteranı vəsiqələrini təqdim etdi. O, vəsiqələr verilən veteranları təbrik edərək, onlara xoş arzularını bildirdi. Qeyd etdi ki, Silahlı Qüvvələr veteranı, ümumilikdə, veteran adını daşımaq böyük şərəfdir. Veteranlar Respublika Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısını həmişə hiss edir, bundan fərəhlənirlər. Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov da veteranlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayır.

Ümumilikdə, veteranlarımız cəmiyyətimizin hörmətli və nüfuzlu üzvləridirlər. Bu gün şəxsi heyətin qarşısına qoyulan bütün tapşırıqlar əzmlə yerinə yetirilir, hərbi qulluqçularımızın vətənpərvərliyi və peşəkarlığı yüksək səviyyədədir, onlar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Hərbi hissələrdə mənəvi-psixoloji durum qənaətbəxşdir, nizam-intizamın qorunub saxlanılması və möhkəmləndirilməsinə ciddi fikir verilir. Şəxsi heyətlə tərbiyə işində veteranların da iştirakı təmin olunur. Bunu yüksək qiymətləndirdiyini deyən general-leytenant Ş.Məmmədov, hərbi hissələrin komandanlıqlarına veteranların bilik və təcrübəsindən səmərəli istifadə olunması ilə bağlı tapşırıq verdiyini, hərbi hissələrlə veteranların əlaqələrinin qorunub saxlanılması və inkişaf etdirilməsinin vacibliyini nəzərə çatdırdı.

General-leytenant Ş.Məmmədov öz çıxışında qoşunların həyatı ilə bağlı bir sıra məqamlara da toxundu, ayrı-ayrı xidmət sahələri üzrə mövcud nailiyyətlər və qarşıya çıxan müəyyən çətinliklər barədə danışdı.
 
Daxili Qoşunların Komandanı Daxili Qoşunların Ali Hərbi Məktəbinin fəaliyyətinin təkmilləşdirilməsi yönündə görülən işlər barədə də veteranlara məlumat verdi. Ali Hərbi Məktəbdə öz təyinatına uyğun olaraq, yeni ixtisasın tətbiq edildiyini bildirdi. Bu yeniliklərin zabitlərin hazırlanmasında nə kimi rol oynayacağına dair fikirlərini bölüşdü.

Daha sonra general-leytenant Ş.Məmmədov veteranların müraciətlərini dinlədi və veteranlar tərəfindən qaldırılan məsələlər barədə aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verdi. 

Daxili Qoşunların Veteranlar Şurasının sədri Çingiz Daşdəmirov belə bir görüşün keçirilməsinə görə veteranlar adından Daxili Qoşunların Komandanına minnətdarlığını bildirdi. 

Daxili Qoşunların Komandanı görüşə yekun vuraraq, veteranların ictimai fəaliyyəti, sosial qayğıları, aktual müraciətləri ilə bağlı vacib məsələlərə aydınlıq gətirildiyini bildirdi. Belə görüşlərin davamlı olaraq keçiriləcəyinə diqqət çəkdi. O, veteranlara vaxt tapıb görüşə gəldiklərinə görə təşəkkür etdi. Onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı  münasibətilə təbrik edərək, ailə xoşbəxtliyi, cansağlığı və işlərində uğurlar arzuladı.

Görüşün sonunda xatirə şəkli çəkdirildi.

Yalçın Abbasov





Çap et  Çap et