Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb

 Noyabrın 10-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağrışçıların hərbi andiçmə mərasimi keçirilib. Tədbirdə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi general-mayor Tofiq Hüseynov, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər.

Mərasim Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin müşayiəti ilə Dövlət Himni ifa edilib.

Hərbi hissə komandiri polkovnik Əhliman İlmazov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına  sadiq olacaqlarına and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

Daha sonra əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

General-mayor T.Hüseynov çıxış edərək Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbrikini çatdırıb. Təbrikdə hər bir əsgərin Vətənə şərəflə xidmət edəcəyinə, Azərbaycan Respublikasının qanunlarına, hərbi anda və nizamnamələrin tələblərinə ciddi riayət edəcəyinə, eləcə də yüksək döyüş hazırlığına və möhkəm nizam-intizama malik olacaqlarına əminlik ifadə olunub.

Daha sonra əsgərlər adından çıxış edən Əli Musayev müqəddəs bayrağa əl basaraq and içdiklərini, hərb işini vicdanla öyrənəcəklərini, üzərilərinə düşən şərəfli və məsul vəzifələri layiqincə yerinə yetirəcəklərini, onlara olan etimadı hər zaman doğruldacaqlarını ifadə edib.

Veteranlar adından çıxış edən Səfxan Bayramlı hərbi andı qəbul edən əsgərləri səmimi qəlbdən təbrik edib, onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd edib ki, hər bir hərbi qulluqçu Vətənə, xalqa, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməli, xidmət dövründə Azərbaycan əsgərinə xas olan bütün keyfiyyətləri mənimsəməlidir.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.





Çap et  Çap et