Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

İyunun 23-25-də Bakı şəhərində keçirilmiş “Formula-1 Azərbaycan Qran Pri" yarışları bir daha sübut etdi ki, Azərbaycan istənilən beynəlxalq yarışa ev sahibliyi etmək qüdrətindədir. Reytinqinə görə dünyada 3-cü maraq doğuran bu idman yarışı ölkəmizin yüksək təşkilatçılıq bacarığını növbəti dəfə təsdiq etdi. 

“Formula-1 Azərbaycan Qran Pri" yarışları zamanı təhlükəsizlik tədbirləri də yüksək səviyyədə həyata keçirilmişdir. Belə ki, paytaxtımızda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları ilə birlikdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də qarşıya qoyulmuş tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. 
 
Yarışa hazırlıqla əlaqədar Daxili Qoşunların komandanlığı tərəfindən sıra baxışları keçirilmiş, xidmətə cəlb olunan şəxsi heyətin zahiri görünüşü, texnika və mühəndis əmlaklarının sazlığı yoxlanılmış, mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.

Yarış zamanı marşrut üzrə perimetr boyu ərazilərin mühafizəsi təmin edilmiş, mühəndis-istehkam qrupları tərəfindən tamaşaçılar üçün quraşdırılmış tribunalar və digər obyektlər  öncədən yoxlanılaraq müvafiq qaydada aidiyyəti üzrə mühafizəyə verilmişdir. Nəzarət-buraxılış məntəqələrində polis əməkdaşları ilə birlikdə buraxılış rejimi təmin olunmuş, hərəkət icazəsi olan mülki avtomobillərin yoxlanılması zamanı xidməti itlərdən də geniş istifadə edilmişdir. Qeyd olunan istiqamətlər üzrə qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilmiş, xidmətin aparılmasında hər hansı nöqsana yol verilməmişdir. 

Xidmətə cəlb olunan hərbi qulluqçularla aparılan izahat işləri, o cümlədən onların mənəvi-psixoloji və fərdi keyfiyyətlərinə xüsusi diqqətin yetirilməsi nəticəsində vətəndaşlarla, xüsusən əcnəbi qonaqlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi əməl olunmuşdur.
 
Yarış zamanı xidmətin keyfiyyətli təşkili üçün bütün profilaktik tədbirlər görülmüş, şəxsi heyətin daşınması, onların qidalanması, hərbi qulluqçulara tibbi xidmətin göstərilməsi, asudə vaxtının səmərəli təşkili də xüsusi diqqət mərkəzində saxlanmışdır.  

Mötəbər tədbir zamanı ictimai təhlükəsizliyin təmin olunmasında kifayət qədər təcrübəyə malik olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti bu dəfə də qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir.
 
                    
                 
 





Çap et  Çap et