Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

 Bu günlərdə ölkəmizin hər yerində dünyanın nadir şəxsiyyətləri ilə bir sırada dayanan, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi böyük ehtiram hissi ilə qeyd edilir.
 
Bununla əlaqədar, dekabrın 9-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində də Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Mərasimdə millət vəkili Zahid Oruc iştirak edib.
 
  Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
  Mərasimi giriş sözü ilə açan polkovnik M.Qənbərov qeyd edib ki, 13 il bundan əvvəl əbədiyyətə qovuşan Heydər Əliyev bu gün də bizimlədir. Daxili Qoşunların şəxsi heyəti  Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini hər an qəlbində yaşadır və yaşadacaqdır.
 
 Məhz bu dahi şəxsiyyətin Azərbaycan rəhbərliyinə tarixi qayıdışından sonra müstəqil dövlətimizin təhlükəsizliyinin etibarlı keşikçilərindən olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti - döyüş fəaliyyəti yüksək qiymətləndirilmiş, dövlət quruculuğu prosesində Qoşunların formalaşması əhəmiyyətli məsələlərdən biri kimi önə çəkilmişdir. Bununla da Daxili Qoşunlar inkişafın yeni mərhələsinə qədəm qoyaraq ildən-ilə təkmilləşmiş, müasirləşmiş, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən peşəkar bir hərbi quruma çevrilmişdir.
 
  Sonra “Heydər Əliyev müasir Azərbaycanın banisidir” mövzusunda çıxış üçün söz millət vəkili Zahid Oruca verilib.
 
  Heydər Əliyevin kiçik bir əyalətdə doğulduğunu, lakin böyük lider kimi dünyanı tərk etdiyini söyləyən Milli Məclisin üzvü Z.Oruc bu dahi insanın yaddaşlarda qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Öndər kimi qaldığını bildirdi. Qeyd etdi ki, xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq çətindir. Çünki məhz bu tarixi şəxsiyyətin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan zamanın ağır və çətin sınaqlarından çıxaraq nüfuzlu bir dövlətə çevrilib. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz böyük azərbaycanlıdır.
 
  Millət vəkili Heydər Əliyev şəxsiyyətinin onilliklər sonra da Azərbaycan xalqı tərəfindən böyük qürur və məhəbbət hissi ilə xatırlanacağına əminliyini ifadə edib.
 
  Sonda Daxili Qoşunların Nümunəvi-göstərici hərbi orkestrinin ifasında müdrik rəhbər, dünya şöhrətli siyasətçi Heydər Əliyevin böyük rəğbət bəslədiyi musiqilər səsləndirilib.





Çap et  Çap et