Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

 Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 98 il ötür. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın əsrlər boyu üzləşdiyi məhrumiyyətlər öz siyasi qiymətini aldı. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla hər il martın 31-i Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.

Bu münasibətlə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində anım mərasimi keçirilib.

  Mərasim Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və erməni terroru nəticəsində həlak olmuş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 Sonra Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov “31 mart – Azərbaycanlıların soyqırım günüdür” mövzusunda çıxış edib.

  Qeyd olunub ki, XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında “qan çanağı”na çevirmişdilər. Onların “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyasının gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Mart hadisələri zamanı Bakı ilə yanaşı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və başqa bölgələrdə soydaşlarımız xüsusi qəddarlıqla öldürülmüş, kəndlər yandırılmış, talan edilmişdir. Martın 31-dən aprelin 2-dək davam edən qırğınlar zamanı, ümumilikdə, 15 min nəfərdən çox azərbaycanlı öldürülmüşdür.

  Eyni zamanda vurğulanıb ki, xalqımız öz vətənpərvərliyi, həmrəyliyi, o cümlədən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına nail olacaq, işğal altında qalan torpaqlarımızı azad edəcəkdir.

  Tədbirin sonunda mühüm tarixi sənədlərin və qanlı hadisələrin canlı şahidlərinin səsləndirdiyi fikirlərin də yer aldığı “Erməni Terrorizmi” barədə film nümayiş etdirilib.






Çap et  Çap et