Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

  Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 24 il ötür. Bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
 
  Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" önünə əklil qoyulub. Torpaqlarımızın azadlığı uğrunda Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
 
 Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının 24-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili  işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər.
 
Əvvəlcə salona Daxili Qoşunların Döyüş Bayrağı gətirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
 
  Daxili işlər nazirinin müavini-Daxili Qoşunlar komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. O, deyib ki, Milli Lider Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 1992-ci ildə Daxili Qoşunların şəxsi heyətinin Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladığı ilk gün – 12 mart "Daxili Qoşunlar Günü" kimi müəyyən olunub. Ötən illər ərzində Daxili Qoşunlar  ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Torpaqlarımızın azadlığı naminə aparılan döyüş əməliyyatları zamanı Qoşunların şəxsi heyəti əsl qəhrəmanlıq nümunələri göstərib. Bu döyüşlərdə 510 hərbi qulluqçu həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Hərbi qulluqçularımızdan 9 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
 
 Daha sonra atəşkəs dövründə Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş hazırlığının artırılması, peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ-hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, hərbi hissələrdə məişət və yaşayış şəraitinin yaxşılaşdırılması əsas vəzifələrdən biri olub.
 
Məruzəçi qeyd edib ki, xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqət və fədakarlıqla xidmət edən Daxili Qoşunların hərbi qulluqçuları polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər. Respublikada ictimai asayişi pozmaq cəhdlərinin qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə keçirilən xüsusi əməliyyatlarda şəxsi heyət yüksək döyüş hazırlığı, peşəkarlıq göstərib. 
 
  2015-ci ildə və cari ilin ötən dövründə də qarşıya qoyulmuş döyüş tapşırıqları tam yerinə yetirilib, hərbi qulluqçular ictimai asayişin keşiyində zəmlə dayaıblar. Şəxsi heyət respublikanın bir sıra bölgələrində asayişin qrup halında pozulması, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluğun və hüquq qaydasının bərpa edilməsi üzrə həyata keçirilən tədbirlərdə də yüksək peşəkarlığı və vətənpərvərliyi ilə fərqləniblər.
 
 Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin peşə bayramı münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb. Nazir "Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir" deyən Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların  təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini, yüksək döyüş hazırlığı olan  peşəkar və mobil bir quruma çevrildiyini məmnunluqla xatırladıb.
 
Cənab Ramil Usubov vurğulayıb ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Nazir deyib ki, Ulu Öndərin ordu quruculuğu sahəsində də siyasətini uğurla davam etdirən möhtərəm dövlət başçımızın Daxili Qoşunların inkişafı üçün qəbul etdiyi qərarlar, göstərdiyi diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılanır. Ölkəmizin rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.
 
  Bildirilib ki, məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə tam təchiz edilib. 2011-ci ildə Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədilə orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb yaradılıb. Bu ali diqqət və qayğı isə hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir.
 
  O da nəzərə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyə Jandarm Təşkilatı ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunlarda xidməti-döyüş fəaliyyəti və kadr hazırlığı işi müasir tələblərə uyğun qurulub. Nazir əldə edilmiş uğurlarda böyük rolu olan türk həmkarlarımızın danılmaz əməyini, təmənnasız yardımlarını xüsusi qeyd edərək, dost və qardaş dövlətin Silahlı Qüvvələrinin, onun Jandarm Komandanlığının rəhbərliyinə və hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.
 
  Daxili işlər naziri Qoşunların özünün ən müqəddəs missiyasını Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında gördüyünü və bu gün onun bərpası uğrunda hərbi əməliyyatlara tam hazır olduğunu, bu missiyanın uğurla həyata keçirilməsi üçün şəxsi heyətin Silahlı Qüvvələrlə birgə hərbi təlimlərdə mütəmadi iştirak etdiyini diqqətə çatdırıb.
 
  Çıxışının sonunda nazir R.Usubov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup hərbi qulluqçunu dövlət mükafatları ilə təltif edən Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkə başçısını  əmin edib ki, «Vətənin əsgəri» adını daim uca tutan Qoşunların şəxsi heyəti bundan sonra da müstəqilliyin və sabitliyin keşiyində ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək, öz şanlı ənənələrini qoruyub saxlayaraq inkişaf etdirəcək, döyüş hazırlığını daim artıracaq, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Vətənə, Prezidentə sədaqətli xidmətini davam etdirəcək.
 
  Daha sonra Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü münasibətilə bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı, həmçinin, daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunlar komandanının imzaladıqları əmrlər elan olunub. Xidmətdə fərqlənənlərə dövlət təltifləri və yeni rütbələrin paqonları təqdim edilib.
 
  Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub.
 
  Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
 
                         
 
                         
 
                         





Çap et  Çap et