Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Sıravi Tofiq Fərhad oğlu Abdullayev 1974-cü il oktyabrın 2-də respublikamızın dilbər guşələrindən biri olan Quba rayonunun Küpçal-Qışlaq kəndində dünyaya göz açıb. İlk dəfə əlinə qələm alıb “Ana”, “Vətən” kəlmələrini yazmağı öyrəndiyi Küpçal-Qışlaq kənd ibtidai məktəbində oxuyan balaca Tofiqin bəlkə də heç ağlına da gəlməzdi ki, nə vaxtsa o, Ana Vətən uğrunda şəhid olacaq... və bu təhsil ocağı onun – şəhid Tofiq Abdullayevin adını daşıyacaq...
Respublikamızın səmasında qara buludlar dolaşmağa başlayanda Tofiqin orta məktəbi bitirməsinə hələ iki il qalırdı. Ermənilərin Qarabağda və sərhədyanı kəndlərimizdə dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər yuxarı sinif şagirdi olan T.Abdullayevin də əsəblərini tarımara çəkir, düşmənə olan nifrət hissini isə daha da alovlandırırdı. Beləliklə, 1992-ci il noyabrın 12-də Quba RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılan Tofiq, qəlbində Vətən sevgisi və düşmənə olan hifrət hissi ilə müqəddəs torpaqlarımızın müdafiəsinə yollanır...

T.Abdullayev hərbi xidmətə Daxili Qoşunların 99713 saylı hərbi hissəsinin sıravi döyüşçüsü olaraq başlayıb. Vətənə olan borcunu şərəflə yerinə yetirən Tofiqin döyüş yolu Ağdərə və Füzuli rayonlarının müdafiəsi uğrunda gedən qanlı döyüşlərdən başlayıb. Xarakterində olan qorxmazlıq və igidlik kimi müsbət keyfiyyətləri sayəsində tez bir zamanda yoldaşlarının hörmət və ehtiramını qazana bilir.  

Hərbi qulluqçumuzun həyat və döyüş yolundan bəhs edən yazılara rayonun görkəmli ziyalılarından olan Şixəmməd Seyidməmmədovun müəllifi olduğu və 1996-cı ildə Bakıda nəşr olunan “Quba şəhidləri” kitabında da rast gəlmək olar. Müəllif yazdığı məqaləsində Tofiqin döyüş yolu barədə maraqlı məlumatlar verir: “... Ağdərə, Füzuli bölgələrində gedən qanlı döyüşlərdə fəal iştirak etmiş, silahdaşlarının dediyinə görə həmişə ön cəbhədə olmuş, ölümün gözünə dik baxmışdır. Tofiq ağır döyüşlərin birində yaralandı. Bir müddət Lənkəranda hərbi qospitalda müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıtdı.

Son döyüşü Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda oldu. Tofiq öz əsgər yoldaşları ilə düşmən arxasına keçməklə, onlara gözlənilmədən zərbə vurmaq tapşırığını almışdı. Düşmən vəziyyətin belə olacağını gözləmədiyindən özünü itirir. Elə bilirlər ki, əsgərlərimiz geniş hücuma keçib, odur ki, bütün qüvvələrini bu istiqamətə yönəldirlər. Saat yarımdan çox davam edən döyüşdən sonra, Tofiqgilin dəstəsi geri çəkilməyə məcbur olur. Lakin mövqelərimizə az qalmış, düşmən minası onların qarşısını kəsir...”

21 mart 1994-cü il. Tofiq taleyinə yazılan ömürünün son baharını – Novruz bayramını döyüş meydanında, mərmi yağışı altında qeyd etdi... Məhz bu tarixdə Cocuq-Mərcanlı kəndi uğrunda gedən qanlı döyüşlər zamanı Tofiq və iki dostu (Daxili Qoşunların şəhid hərbi qulluqçuları; sıravilər Gülümxan Səmədov və Faiq Rzayev ilə birgə - A.Ə.) daşnakların qurduğu minaya düşərək həlak oldular.

Daxili Qoşunların şəhid hərbi qulluqçusu sıravi Tofiq Abdullayev dünyaya göz açdığı doğma Küpçal-Qışlaq kəndində dəfn edilmişdir.





Çap et  Çap et