Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Belə qəhrəmanlardan biri də Daxili Qoşunların sıravi hərbi qulluqçusu, şəhid Abbasov Şahin Şahbaz oğludur.
Sıravi Şahin Abbasov 1973-cü il fevral ayının 28-də Sumqayıt şəhərində dünyaya göz açıb. 1980-1988-ci illərdə doğma şəhərdəki 15 saylı orta məktəbdə səkkizillik təhsil alıb.  Sənətə böyük maraq göstərən Şahin, sonra 41 saylı texniki peşə məktəbində təhsilini davam etdirib. Onun peşə sahibi olmaq arzusu heç də dəsadüfən yaranmamışdı. Şahinin təhsil aldığı illərdə Sumqayıt, Sovet İttifaqında o dövrün inkişaf etmiş sənaye şəhəri kimi məşhur idi. Sənayenin inkişaf tempinə uyğun olaraq, bacarıqlı və ixtisaslı peşə sahiblərinə təlabat olduqca böyük idi..

Lakin XX əsrin sonlarında xalqımızın başına gətirilən qanlı faciələr  - 1988-ci ildə erməni şovinistlərinin planladığı qondarma “Sumqayıt hadisələri”, ardınca dədə-baba yurdu olan Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın zorla deportasiya edilməsi, “Qanlı Yanvar”, “Xocalı soyqırımı”, törədilmiş müxtəlif terror hadisələri və bu kimi bir çox qanlı faciələr ölkəmizin digər bölgələrində olduğu kimi, Sumqayıt sakinlərini də ciddi narahat edirdi. Bir vaxtlar “Sülh şəhəri” adlandırılan Sumqayıtın səmasında indi “qara buludlar” dolaşırdı. Şəhər sakinlərindən demək olar ki, hər gün eşitdiyi “qara” xəbərlər Vətənini canından əziz bilən Şahinin qəlbini göynədirdi.  

28 aprel 1992-ci il. Vətən torpaqlarını erməni daşnaklarının təcavüzündən qorumaq növbəsi Şahinə də gəlib çatdı. Sumqayıt  ŞHK tərəfindən hərbi xidmətə çağırılan Ş.Abbasov, bir qədər sonra Daxili Qoşunların sıravi hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır.

Sıravi Ş.Abbasovun həyat və döyüş yolu barədə görkəmli ziyalımız Tofiq Əliyevin 2003-cü ildə Bakıda nəşr olunmuş “Sumqayıtın qan yaddaşı” adlı 3-cü kitabında maraqlı məlumatlar verilmişdir. Müəllif kitabında Şahinin Gəncə şəhərində yerləşən polis alayında (17072 saylı hərbi hissə) hərbi xidmətə başladığını və daim qaynar nöqtələrdə xidmət etməyə can atdığını qeyd edir. Kitabda sıravi Ş.Abbasovla komandiri arasında gedən qısa dialoq bunu bir daha göstərir.

“... Bir gün təlim zamanı komandir ondan soruşdu:
- Cənab Abbasov, döyüşə hazırsanmı?

- Cənab mayor, tam hazıram. Xahiş edirəm, məni qaynar döyüş meydanına göndərəsiniz. Heç olmasa, öz gücümü orada sınaqdan keçirim”.

Müəllif sonralar onun öz arzusuna görə Tərtər rayonuna göndərildiyini, burada mahir snayper kimi düşmənə aman vermədiyini, neçə-neçə erməni faşistini və döyüşən muzdlu yaraqlıları məhv etdiyini vurğulayır.  

Kitabda həmçinin Ş.Abbasovun mahir atıcı olmaqla yanaşı, həm də qayğıkeş yoldaş olduğu qeyd edilmişdir. Belə ki, bu qəhrəman eloğlu döyüşə yenicə gələn gənclərə hamilik edir, silahdan sərrast atmağı onlara öyrədirdi.
19 iyul 1992-ci il.  Ağdərənin Həsənriz kəndi uğrunda gedən qanlı döyüşlər Şahinin son döyüşü olur. Bu döyüşlərdə ağır yaralanan igid hərbi qulluqçumuz gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəlir...

Sıravi Şahin Abbasov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.





Çap et  Çap et