Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətənin qəhrəman övladlarından biri də Daxili Qoşunların şəhid hərbi qulluqçusu, sıravi Bayramov İslam Cümşüd oğludur.

Sıravi İslam Bayramov 1974-cü il iyulun 10-da İmişli rayonunda dünyaya göz açıb. Barlı-bərəkətli düzləri ilə məhşur olan Mil-Muğan elində böyüyüb boya-başa çatan İslam, el-obasına, müqəddəs sandığı Vətən torpaqlarına son dərəcə bağlı idi. Bu səbəbdən də, vətənpərvər eloğlumuz hərbi xidmətə çağırılan gün (25.09.1992-ci il) tərəddüd etmədən İmişli RHK-ya gələrək, Vətənin müdafiəsinə hazır olduğunu qətiyyətlə bildirmişdi...

Sıravi İ.Bayramov hərbi xidmətinə Daxili Qoşunların 15011 saylı hərbi hissəsində başlamışdı. O, nizam-intizamlı və cəsur hərbi qulluqçu olmaqla yanaşı, həm də dostluq və yoldaşlıqda da son dərəcə sadiq bir insan idi. Bu müsbət keyfiyyətlərə malik olması təbii ki, kollektiv arasında İslamın nüfuzunu daha da artırmışdı.  
İgid eloğlumuzun döyüş yolu Qarabağın bir sıra qanlı döyüş meydanlarından keçmişdi. Bu döyüşlərdə əsl qəhrəman kimi vuruşan İslam, neçə-neçə qaniçən erməni faşistinin mənfur arzularını gözlərində qoymuşdur.
İslamın soyuqqanlılığı onu döyüşlərdə daha da qorxmaz edirdi. Sanki, döyüşün nəticəsini görürdü. Bilirdi ki, düşmən tab gətirə bilməyərək geri çəkiləcək. Lakin növbəti döyüşün aqibətini, hansı sonluqla nəticələnəcəyini görə bilmədi. Daha doğrusu o, buna inanmırdı...

6 mart 1993-cü il. Bu tarixi İslamın yaxınları, əzizləri həm ağrı-acı ilə, həm də qürur hissi ilə xatırlayır. Həmin gün sıravi İ.Bayramovun son döyüşü oldu. Lakin o, ölməzliyini sübut etdi – düşmənə qarşı şücaət göstərərək son damla qanınadək vuruşdu... Şəhid oldu!  

Artıq bu dövrdən başlayaraq, erməni daşnaklarının Dağlıq Qarabağda və Azərbaycanın digər sərhədyanı ərazilərindəki soydaşlarımızın yaşadığı kənd və şəhərlərə hücumları intensiv xarakter olmağa başlamışdı.
“Sapı özümüzdən olan” təxribatçı qüvvələrin pozuçu fəaliyyəti nəticəsində yaranan daxili qarşıdurmadan və xarici havadarlarının dəstəyindən məharətlə istifadə edən düşmən ordusu, cəbhə boyu hücumları daha da genişləndirmişdi. Qüvvələr nisbətinin qeyri-bərabər olmasına baxmayaraq, torpaqlarımız demək olar ki, Vətənin qeyrətli oğullarının qəhrəmanlığı sayəsində müdafiə olunurdu. Ağdərə cəbhəsində gedən döyüşlər də məhz bu qəbildən idi...   

Ağdərə rayonunun müdafiəsi uğrunda gedən qanlı döyüşlər zamanı son nəfəsinədək düşmənə müqavimət göstərən cəsur döyüşçümüz İ.Bayramov dünyaya göz açdığı İmişli rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib.    





Çap et  Çap et