Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Vətənin dar günündə həmişə səsinə səs verərək onun müdafiəsinə qalxan qoynunda böyütdüyü igid, ər oğulları olub. Tarixin keşməkeşli və çətin sınaqlarından süzülüb gələn bu “ənənə”, keçən əsrin sonlarında torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksələn oğullarımızın timsalında özünü yenidən göstərmiş oldu. Vətənin azadlığı və istiqlaliyyəti yolunda canını qurban verərək şəhidlik zirvəsinə yüksələn belə qəhrəmanlarımızla hər birimiz fəxr və qürur duyuruq.

Vətənin dar günündə çağırışına səs verərək torpaqlarımızın müdafiəsinə yollanan cəsur oğullarımızdan biri də Daxili Qoşunların sıravi hərbi qulluqçusu, şəhid Dəyanət Beydullayevdir.

Sıravi Dəyanət Qiyas oğlu Beydullayev 1974-cü il iyul ayının 3-də Göyçay rayonunun Cəyirli kəndində anadan olub. Doğma Cəyirli kənd səkkiz illik orta məktəbi başa vuran D.Beydullayev, təhsilini Göyçay şəhər 5 saylı orta məktəbdə davam etdirib.

Hələ yeniyetməlik çağlarından sakit təbiətə malik olan və hamı ilə mehriban ünsiyyət qurmağı bacaran Dəyanətin hərbi xidmət dövründə olduğu kimi, məktəb illərində müəllimlərin və şagird yoldaşlarının da hörmətini qazana bilmişdi. Gələcəkdə ticarətçi olmaq isə, silahdaşımızın arzusu və ən çox önəm verdiyi peşələrdən biri idi. Məhz bu məqsədlə də o, 1991-ci ildə 58 saylı texniki-peşə məktəbində “ticarət kursu”nu bitirməyə müvəffəq olur. 

Lakin XX əsrin sonlarında erməni daşnaklarının yenidən müqəddəs torpaqlarımıza başlayan hərbi təcavüzü Vətənin digər qeyrətli oğulları kimi Dəyanəti də hədsiz narahat etməyə başlayır. O, hərbi çağırış məntəqəsinə yollanaraq, Vətənin əsgəri kimi müqəddəs borcunu yerinə yetirməyə hazır olduğunu bildirir. Beləliklə, D.Beydullayev bir qədər sonra Daxili Qoşunların 99713 saylı hərbi hissəsinin sıravi döyüşçüsü kimi torpaqlarımızın keşiyində dayanır.
Düşmənə göz açmağa aman verməyən, neçə-neçə daşnakı cəhənnəmə vasil edən igid döyüşçünün yalnız bir arzusu var idi – tezliklə işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad etmək! Elə Dəyanətə yüksək döyüş ruhu verən də məhz bu arzusu və amalı idi.    

7 sentyabr 1992-ci il. Füzuli rayonunun Dilağarda kəndinin müdafiəsi uğrunda gedən döyüşlər isə Dəyanətin son döyüşü olur...

Yoldaşları ilə birgə düşmənə sarsıdıcı zərbələr endirən cəsur silahdaşımız bu döyüşdə qəhrəmancasına həlak olur. Respublikamızın ərazi bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksələn sıravi D.Beydullayev doğma yurdunda -  Göyçay rayon Cəyirli kəndində dəfn olunub.  

 Şəhid D.Beydullayevin həyat və döyüş yolundan bəhs edən yazılara rayonun görkəmli ziyalısı Əkbər Əlioğlunun 1995-ci ildə Bakıda nəşr olunan və Göyçay şəhidlərindən bəhs edən “Ruhların səsi” adlı kitabında, həmçinin  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytındakı (http://seferberlik.gov.az) “Göyçay/Şəhidlər” bölümündə rast gəlmək olar.

Ə.Əlioğlunun qeyd olunan kitabında şəhid atası Qiyas kişi ilə görüşərək qələmə aldığı yazısı bu baxımdan olduqca təsirlidir.

“Dəyanətin atasıyla həmyaşıd olarıq. Onunla iş otağında görüşürük. 1992-ci ilin sentyabrın 7-də oğluna sovqat aparıbmış. Elə həmin gün də övladı həlak olub. Meyidi düşmən əlində qalıb. Lakin bu acı xəbəri Dəyanətin döyüş dostları ona deyə bilməyiblər, “yaralanıb, qospitala göndərildi” deyiblər. Beləliklə ata Bakıyadək oğlunu axtarır. Qiyas Bakıdan da məyus qayıdır. Yalnız 48 gündən sonra – sentyabrın 13-də ermənilərlə aparılan danışıq nəticəsində 12 şəhidin meyidi geri alındı. Onlardan biri Beydullayev Dəyanət idi”.

Müəllif daha sonra Dəyanətin ailəsinə qətiyyətlə Vətən uğrunda canından keçməyə hazır olduğunu  bildirməsini və böyük həvəslə hərbi xidmətə yollandığını qeyd edir: 
“... Çağırış vaxtı “Vətən çağırır, getməliyik” - deyə qəti və son sözünü demişdi. Hərbi xidmətə Daxili Qoşun hissələrində başlayıb. 1992-ci il avqustun 24-də xidmət etdiyi hərbi hissə Füzuli rayonunun Kürdmahmudlu kəndinə göndərilib. Ailənin ikinci övladı olan Dəyanətin görünür qisməti beləymiş”.   

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin saytında da sıravi D.Beydullayevin 1992-ci il iyulun 18-də Göyçay RHK tərəfindən həqiqi hərbi xidmətə çağırıldığı və həmin ilin sentyabrın 7-də Füzuli rayonunun Dilağarda kəndində şəhid olduğu öz əksini tapıb.

Dəyanət kimi cəsur silahdaşlarımız Silahlı Qüvvələrimizin tərkibində şərəflə xidmətlərini bu gün də şərəflə davam etdirirlər. Sıralarında vətənpərvər oğulların xidmət etdiyi Azərbaycan Ordusu işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır.





Çap et  Çap et