Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Daxili Qoşunların sıravi hərbi qulluqçusu Ceyhun Şıxəli oğlu Əliyev də Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən qəhrəman Vətən övladlarından biridir. Yaşının az olmasına baxmayaraq, onun döyüşlərdə göstərdiyi canfəşanlıq və qorxmazlığından silahdaşları bu gün də ağızdolusu danışırlar.  

Sıravi C.Əliyev 1974-cü il iyunun 2-də Ağsu rayonunun Padar kəndində dünyaya göz açıb.  1982-ci ildə Ceyhun Padar kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. O zaman “böyük qardaş” adlandırdığımız SSRİ-nin hələ qüdrətli çağlarından biri idi... Sovet Azərbaycanının “xoşbəxt vətəndaşı” olan Ceyhun, həmyaşıdları kimi orta məktəbin yuxarı siniflərinə doğru “oktyabryat”, “pioner” olaraq, pillə-pillə irliləyirdi. Kim bilir, hansı istək və arzularla...

1991-ci il. İmperiya “can verir”, Azərbaycan isə müstəqilliyini elan etməyə “hazırlaşırdı”. “Qanlı Yanvar”da axıdılan şəhid qanları xalqın azadlıq məşəlini nəyinki söndürmüş, əksinə daha da alovlandırmışdı. Məhz bu təlatümlü dövrdə, Ceyhun Padar kənd orta məktəbini qurtarırdı...
İyun 1992-ci il. Müstəqil Azərbaycanın vətəndaşı olan C.Əliyev, Ağsu RHK tərəfindən ordu sıralarına, həqiqi hərbi xidmətə çağrılır.

Xalq yaşadığı bu ağır, qan-qadalı illərdə Ceyhun kimi igidlərinə güvənirdi. Vətənə qorxubilməz mərd oğullar lazım idi. C.Əliyev də digər həmyaşıdları kimi hərbi komissarlığa məhz qəlbindəki Vətən sevgisi, böyük ruh yüksəkliyi və qaniçən düşmənə olan sonsuz nifrət hissi ilə gəlmişdi. Gəlmişdi ki, müqəddəs torpaqlarımızı qorusun, yurd yerlərimizi mənfur erməni faşistlərinin təcavüzündən xilas etsin.

Beləliklə, sıravi C.Əliyev Vətənə olan müqəddəs borcunu Daxili Qoşunların hərbi qulluqçusu kimi ləyaqətlə yerinə yetirməyə başlayır. Onun döyüş yolu Ağdam və Ağdərə rayonlarının müdafiəsindən başlayır. Qoşunların 17074 saylı hərbi hissəsinin əsgəri olan Ceyhun, qısa müddət ərzində döyüşçüyə xas olan mərdliyi və iradə möhkəmliyi sayəsində yoldaşlarının hörmət və ehtiramını qazana bilir. Kollektivin sevimlisinə çevrilir Ceyhun.
26 sentyabr 1992-ci il. Sıravi C.Əliyevin son döyüş günü...

Sentyabrın əvvəllərindən başlayaraq, Ağdam şəhəri və ətraf kəndlər daşnaq qüvvələri tərəfindən daha çox silahlı basqınlara, güclü raket və top atəşlərinə məruz qalırdı. “Fərrux” yüksəkliyində möhkəmlənən düşmən, nisbətən aşağıda yerləşən yaşayış məntəqələrimizi və hissələrimizi müntəzəm olaraq atəş altında saxlayırdı.

Ceyhunun vuruşduğu hissənən qarşısına bu strateji məntəqənin düşməndən azad edilməsi tapşırığı qoyulmuşdur. “Fərrux” yüksəkliyinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı Vətənin neçə-neçə igid oğlu şəhidlik zirvəsinə yüksəlmişdir. Taleyinə şəhidlik qisməti yazılan belə oğullardan biri də Ceyhun oldu...   

Sıravi C.Əliyevin həyat və döyüş yolu barədə Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin www.agsumks.tk internet saytının “Ağsu şəhidləri” bölməsində qısa məlumat verilmişdir. Saytda Ceyhunun Ağdam bölgəsində, “Fərrux” yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olduğu qeyd olunub.

Son olaraq deyə bilərik ki, Daxili Qoşunların sıralarında Ceyhun kimi cəsur hərbi qulluqçularımız bugündə var. Onlar şəhidlərimizin intiqamını erməni daşnaklarından almağa, torpaqlarımızı azad etməyə hər an hazırdırlar.    
 





Çap et  Çap et