Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Daxili Qoşunların şəhid hərbi qulluqçularından biri də sıravi Qasımov Rövşən Həsən oğludur. Rövşən 29 sentyabr 1973-cü ildə Gəncə şəhərində anadan olmuşdur.  

Rövşənin həyat və döyüş yoluna nəzər saldıqda, sanki həmyerlisi Elxanın taleyinə bənzədiyini görürük. Hər iki döyüşçünün ömür yollarında oxşar cəhətlər çoxdur. O da Daxili Qoşunlarda sıravi hərbi qulluqçu kimi Vətənə olan borcunu ləyaqətlə yerinə yetirmişdir. Hər iki həmyerli Ağdərənin Sırxavənd kəndi uğrunda şəhid olmuş və Gəncənin Şəhidlər Xiyabanında dəfn olunmuşlar.  

Rövşən Gəncədəki 38 saylı texniki peşə məktəbini bitirib. O, dülgərliklə bərabər sürücülük peşəsinə də yiyələnmişdir. Elxandan fərqli olaraq, Rövşənin ilk döyüş yoluna Kəlbəcər rayonunun Ağdaban kəndində başlayıb. Sıravi R.Qasımov sonralar Ağdərə rayonu uğrunda aparılan hərbi əməliyyatlarda yaxından iştirak etmişdir. Və nəhayət, Elxanın şəhid olmasından 38 gün sonra – 19 noyabr 1992-ci ildə Sırxavənd kəndinin azadlığı uğrunda aparılan hərbi əməliyyatlar zamanı ağır yaralanan Rövşən gözlərini əbədi yumur...  

Sırxavənd kəndi də bu gün düşmən əsarətindədir. Mənfur düşmənin sonda min-bir hiylə ilə məkirli niyyətinə nail olmasına baxmayaraq, onlarla cəsur hərbi qulluqçumuz Vətən yolunda son damla qanlarınadək vuruşmuş və bir çox döyüşlərdə düşməni məğlubiyyətə uğratmışlar.

Bu gün hər bir Azərbaycan əsgəri  şəhidlərimizin qısasını almağı, torpaqlarımızı işğaldan azad etməyi qarşısına məqsəd qoyub. O zaman şəhidlərimizin də ruhu şad olacaq.





Çap et  Çap et