Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

«SON NƏFƏSİMİZƏDƏK DÖYÜŞMƏLİYİK»   

Biz müharibə və atəşkəs vaxtı itkivermişik, şəhidlərimiz olub. Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!
 
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrin Ali Baş Komandanı

Əsrlər boyu Vətənimizin qeyrətli oğulları silaha sarılaraq yadelli işğalçılara qarşı vuruşmuş və torpaqlarımızı göz-bəbəyi kimi qorumuşlar. Keçən əsrin sonlarında mənfur qonşularımızın torpaqlarımıza başlayan təcavüzü, ölkəmizin vətənpərvər oğullarını yenidən ayağa qaldırdı. Cəsarəti, döyüşkənliyi və qəhrəmanlıqları ilə düşmənə göz dağı olan bu oğulların bir çoxu müqəddəs Vətən torpaqları uğrunda şəhidlik zirvəsinə ucalmışdı. Onlardan biri də Daxili Qoşunların sıravi hərbi qulluqçusu, şəhid Sədi Süleymanovdur.
 
Sıravi Süleymanov Sədi Heydər oğlu 1973-cü il avqust ayının 15-də Göyçay rayonunun Alpoud kəndində anadan olub. İlk təhsilini öz kəndlərində almışdır. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra sənədlərini 106 nömrəli texniki peşə məktəbinə verib. Sədi bu məktəbdə 6 aylıq sürücülük kursunu bitirib.
 
Sədinin həyatının yeniyetməlik və gənclik çağları ölkə tarixinin ən təlatümlü bir dövrünə təsadüf edir. Mənfur erməni daşnaklarının torpaqlarımıza təcavüzü fonunda ölkədə baş verən proseslər təbii ki, gənc nəslin formalaşan dünyagörüşündə və psixologiyasında vətənpərvərlik ruhunun yüksəlməsi və düşmənə nifrət hissinin daha da alovlanmasına zəmin yaradırdı. Məhz buna görə də tariximizə qanlı hərflərlə yazılmış “20 Yanvar”, “Xocalı soyqırımı” və digər dəhşətli hadisələr gənc Sədinin düşmənə olan nifrət hissini aşıb-daşdırırdı...
 
Beləliklə, 1992-ci ilin martın 5-də Göyçay RHK tərəfindən hərbi xidmətə çağırılan S.Süleymanov Vətənə olan müqəddəs borcunu Daxili Qoşunların sıralarında şərəflə yerinə yetirməyə başlayır. Qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edən Sədi qısa bir zamanda yoldaşlarının hörmət və etibarını qazanmağa nail olur.
 
 Sədinin döyüşçü yoldaşları onun müsbət keyfiyyətlərini bu gün də böyük iftixar hissi ilə xatırlayırlar. Vaxtı ilə şəhid silahdaşımızla bir səngərdə vuruşan və o dövrdə sıravi hərbi qulluqçu kimi xidmət edən baş gizir Pərviz Süleymanov (hazırda 67987 saylı hərbi hissədə bölüyün baş çavuşu - A.Ə.) cəsur döyüşçü ilə bağlı xatirələrini bizimlə bölüşərkən bunları dedi: “Sədini çox yaxşı tanıyırdım. Xasiyətcə çox mehriban, deyib-gülən bir insan idi. Ona görə də hamı onun xətrini çox istəyirdi. Heç vaxt yoldaşlarını darıxmağa, fikir çəkməyə qoymazdı. Onun deyib-gülməyi və xoş davranışları indi də xatirimdədir... Sədi müharibədən, erməni cəlladlarının törətdiyi vəhşiliklərdən söz düşəndə isə, “Son nəfəsimizədək döyüşməliyik!” – deyərdi”.
 
Baş gizir P.Süleymanov diqqətlə komputerdə ona göstərdiyim igid döyüşçünün şəklinə baxır və birgə iştirakçısı olduqları döyüşləri xatırlamağa çalışır. Tez-tez “Çox qocaq oğlan idi...”, “Əsl döyüşçü idi...” - deyərək, diqqətini foto şəkildən ayırmadan cəsur silahdaşı ilə birgə iştirak etdiyi döyüşlərdə Sədinin fərqləndiyini qeyd edir: “1992-ci ilin iyunun 9-da onunla birlikdə Ağdamın Papravənd kəndinə gəldik. Sonra “Qrod-2” deyilən yüksəklikdə Sədi ilə ilk döyüşə başladıq. İyulun 29-da ermənilər Qazançı-Gülyataq istiqamətindən Qalayçılara hücum etmişdi. Təpədən-dırnağadək silahlanmış düşmənin hücumunun qarşısı qətiyyətlə alındı. Məqsədinə nail ola bilməyən daşnaklar böyük itki verərək geri çəkilmək məcburiyyətində qaldılar. Bu döyüşlərdə bizim bölüyün hərbi qulluqçuları, xüsusi ilə də S.Süleymanov daha çox fərqləndi. Sonralar isə onunla Papravənd, Qalayçılar, Canyataq, Gülyataq, Çıldıran və Qazançı kəndləri uğrunda gedən döyüşlərdə birgə iştirak etmişdik... Lakin 1993-cü ilin iyunun 3-də Qazançı uğrunda gedən döyüş Sədinin son döyüşü oldu... Bu döyüşdə igid silahdaşımız Vətənin azadlığı uğrunda gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi...”.
 
Onun həyat və döyüş yolu barədə məlumatlara görkəmli ziyalımız Əkbər Əlioğlunun 1995-ci ildə Bakıda nəşr olunmuş və Göyçay şəhidlərindən bəhs edən “Ruhların səsi” adlı kitabında da rast gəlmək olar.
 
Müəllif qeyd olunan kitabında Sədinin 1991-ci il mart ayının 1-də əsgəri xidmətə çağırıldığını, bir müddət hərbi təlim keçdikdən sonra döyüş bölgələrinə yola düşdüyünü və Ağdama göndərildiyini qeyd edir. Daha sonra müəllif burada onun Qalayçı, Xındırıstan və Seyidlər kəndlərindəki döyüşlərdə iştirak etdiyini bildirir: “... 1992-ci ilin dekabrında Ağdərə bölgəsində döyüşən əsgərlərimiz üçün sursat daşıyıb. 1993-cü ildə yenidən Ağdam cəbhəsinə qayıtmış, burada döyüşlərdə iştirak etməklə, yenə də hərbi sursat daşımalı olmuşdur. Ağır döyüşlər zamanı Sədi bir neçə mühasirəyə düşmüş, düşmənlə üz-üzə dursa da ölümün gözünə dik baxmış, yeddi günlük mühasirəni yarıb azad olmuşdur. Sədi çox igid və cəsur, pəhləvan cüssəli oğlan idi. Komandirinin və döyüş yoldaşlarının hörmətini qazanmışdı.
 
Sədi Süleymanov 8 qardaşın sonbeşiyi və ən istiqanlısı idi. Böyük qardaşı İlqar da Laçın, Qubadlı və Güləbird döyüşlərində iştirak edib.
 
Ermənilər Sədini öldürənə mükafat təyin etmişdilər. 1993-cü il iyun ayının 3-də döyüş bölgələrinə hərbi sursat apararkən Sədi başından aldığı yaradan şəhid olmuşdur.
 
Sədi Süleymanov iyunun 4-də Alpoud qəbiristanlığında dəfn olunmuşdur”.
 
Bundan əlavə, “Əsgər” qəzetinin 20 yanvar 1993-cü il tarixli 4-cü sayında İlham Babayevin imzası ilə dərc edilmiş “Zaman cəsarətlə ölçülür” başlıqlı məqalədə Sədinin igid döyüşçü kimi adı və soyadı qeyd olunub. Hələ onun sağlığında işıq üzü görən bu yazıda, müəllif Sədinin sürücü yoldaşları ilə birgə həm də döyüşçü kimi ön mövqelərimizi qoruduğunu qeyd edib.
 
Sıravi S.Süleymanovun ömür yolu qısa olsa da, döyüş yolu qəhrəmanlıq nümunələrilə zəngin olmuşdur. O, yurdumuza göz dikən neçə-neçə düşmən yaraqlısını məhf etməklə mənfur niyyətlərini gözlərində qoymuşdur.
 
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, şəhid olmuş qəhrəmanlarımızın qanı yerdə qalmayacaq: “Biz müharibə və atəşkəs vaxtı itkivermişik, şəhidlərimiz olub. Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!”. 
 
Allah şəhidlərimizə rəhmət eləsin!
 
 
Kapitan    Anar  Əhmədov,
Daxili    İşlər   Nazirliyinin
Daxili  Qoşunlarının  zabiti   




Çap et  Çap et