Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

“QORXUBİLMƏZ QƏHRƏMAN...” 

«Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır».   
Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri
 
 Daxili Qoşunların döyüş yolu qəhrəmanlıq nümunələri ilə zəngindir. Bu zənginliyin əsasını isə şəhid silahdaşlarımızın qısa, lakin mənalı həyat yolu və döyüşlərdə göstərdiyi böyük fədakarlıqları təşkil edir. Gənc nəslə örnək olan belə qəhrəmanlarımızdan biri də, Daxili Qoşunların şəhid hərbi qulluqçusu polkovnik-leytenant Tofiq İslamovdur.
 
Polkovnik-leytenant Tofiq Elxan oğlu İslamov 1962-cı il mart ayının 18-də Bakı şəhərində anadan olub. Elxan kişinin və Elmira ananın böyüdüb tərbiyə etdiyi iki övladdan (İsmayıl və Tofiq) sonuncusu, ailənin sonbeşiyi olmuşdur. Tofiq səkkizillik təhsilini 1968-1976-cı illərdə Bakıdakı 109 saylı orta məktəbdə “əla” qiymətlərlə başa vurub. Hələ uşaq yaşlarından hərb sənətinə böyük maraq göstərdiyindən, təhsilini C.Naxçıvanski adına hərbi təmayüllü məktəbdə davam etdirib. Bundan sonra o, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini müvəffəqiyyətlə bitirərək, keçmiş sovet ordusunun Almaniya və Gürcüstanda yerləşən hərbi hissələrində zabit kimi xidmət edib.  
 
Torpaqlarımızın erməni daşnakları tərəfindən işğala məruz qaldığı bir dövrdə polkovnik-leytenant T.İslamov doğma Vətəninin müdafiəsində iştirak etmək və düşmənə layiq olduğu dərsi vermək üçün könüllü olaraq Azərbaycana qayıtmışdır. 

 Əvvəlcə Daxili Qoşunların Baş İdarəsində 1-ci əməliyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilir (Daxili Qoşunların Arxivindən verilmiş müvafiq arayışda barəsində ilk məlumat kimi 14 avqust 1992-ci il tarixdən bu vəzifəyə təyin olunduğu qeyd olunub - A.Ə.) və bir müddət sonra döyüş əməliyyatlarında iştirak etmək üçün cəbhə bölgəsinə ezam olunur. 

Sonralar döyüş bölgəsində hissə komandiri kimi bilik və bacarığına, tabeliyində olan şəxsi heyətə son dərəcə qayğıkeşliyinə görə bütün kollektivin dərin rəğbətini qazanmışdı. Vaxtı ilə igid döyüşçü ilə birgə xidmət etmiş silahdaşlarının (polkovnik Məhəmməd Hacıyev, polkovnik-leytenant Akif Məmmədov və mayor Gülağa Meybiyev) onun haqqında qürur hissi ilə söylədikləri ümumi fikirlər də bunu təsdiq edir: “...Polkovnik-leytenant T.İslamov əsl hərbçi, qorxubilməz qəhrəman idi. Vətənpərvərliyi ilə yanaşı, həm də tabeçiliyində olan şəxsi heyətə nümunə olmağı bacaran döyüşçü idi. O, döyüşlər zamanı nə qədər sərt və ciddi olsa belə, adi günlərdə son dərəcə sadə, mülayim, qayğıkeş və xoşxasiyyətli insan idi. Bacarıqlı və təcrübəli komandir kimi əsgərlərin döyüş əzmini yüksəltməyə çalışırdı. Bu baxımdan şəxsi heyətin qayğısına qalmaq, onların problemləri ilə maraqlanmaq komandir kimi Tofiqdə olan ən müsbət keyfiyyətlərdən biri idi”. 
  
Polkovnik-leytenant T.İslamovun döyüş yolu qəhrəmanlıqlarla zəngin olmub. Ağdam və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə, həmçinin, bir çox strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsində bacarıqlı komandir kimi fəal iştirak edib. 

20 iyun 1993-cü il. Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən qanlı döyüşlər polkovnik-leytenant T.İslamovun son döyüşü oldu... Bu döyüşdə qəlpə yarası alan igid silahdaşımız gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəldi... 

Vətənin qəhrəman oğlu T.İslamov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

İki övladı yadigar qalıb. Oğlu Elman və qızı Elmira. Şəhid komandirin həyat və zəngin döyüş yolu barədə məlumatlara jurnalist S.Ağababayevanın “Azərbaycan Ordusu” qəzetinin 03.09.1993-cü il tarixli sayında nəşr olunmuş «30 yaşlı polkovnik-leytenant» və Ş.Ağakişiyevin “Səhər” qəzetinin 22.07.1993-cü il tarixli sayında dərc edilmiş «Bu gün cümə axşamıdır» başlıqlı məqalələrində, eləcə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/5329.html) rast gəlmək olar.  

 Azərbaycan Respublikası Prezidentinin 09 mart 2007-ci il tarixli Sərəncamı ilə polkovnik-leytenant İslamov Tofiq Elxan oğlu respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaət və igidliyinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir. Medal 05 iyul 2008-ci il tarixdə Daxili Qoşunların Qala Tədris Mərkəzinin nəzdində yaradılmış zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbi (hazırda Ali Hərbi Məktəb - A.Ə.) məzunlarının ilk buraxılışı və hərbi hissəyə döyüş bayrağının verilməsi münasibəti ilə təşkil olunmuş təntənəli mərasim zamanı Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov tərəfindən şəhid Tofiq İslamovun oğlu, məktəbin ilk məzunlarından biri olan Elman İslamova təqdim olunmuşdur.    

Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, şəhid polkovnik-leytenant T.İslamovun oğlu Elman İslamov bu gün Daxili Qoşunların sıralarında bir zabit kimi atasının şərəfli peşəsini layiqincə davam etdirir. Kapitan E.İslamov işğal olunmuş müqəddəs Vətən torpaqları uğrunda döyüşməyə və şəhidlərimizin intiqamını qaniçən düşmənlərimizdən almağa hər zaman hazır olduğunu deyir: «... Atam xalqımızın yolunda, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olub. Bununla fəxr edir və qürur duyuram. Ali Baş Komandanımızın ilk əmri ilə döyüşə getməyə, işğal olunmuş torpaqlarımızı azad etməyə və atamın timsalında şəhidlərimizin intiqamını erməni daşnaklarından almağa hər zaman hazıram!».

Vətənimizin keşiyində mətn dayanaraq, canlarını müqəddəs torpaqlarımız uğrunda qurban verən polkovnik-leytenant Tofiq İslamov kimi igid, qəhrəman oğullarımızın şərəfli ömür yolu bugünkü gənc və yeniyetmələrimiz üçün əsl örnəkdir.  

Allah şəhidlərimizə rəhmət eləsin!
 
 
Kapitan    Anar  Əhmədov,
Daxili    İşlər   Nazirliyinin
Daxili  Qoşunlarının  zabiti 


 

 
 

 





Çap et  Çap et