Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

 Fevralın 25-də Daxili Qoşunlar komandanının müavini-Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev Daxili Qoşunların Baş İdarəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin Polis və Təhlükəsizlik qüvvələri üzrə regional nümayəndəsi cənab Halit Bulanıklını qəbul edib.

Daxili Qoşunların mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, rəsmi qonağı BQXK-nın Azərbaycandakı Nümayəndəliyində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova müşayiət edib. 
Daxili Qoşunlar komandanının müavini-Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev səmimi salamlarını qonağa çatdıraraq, son illərdə Daxili İşlər Nazirliyi və onun tərkib hissəsi olan Daxili Qoşunlarla BQXK-nın Azərbaycandakı Nümayəndəliyi arasında əlaqələrin çox uğurla davam etdirildiyini bildirib. O, 2003-cü ildən indiyədək BQXK-nın xətti ilə polis əməkdaşları, həmçinin, Daxili Qoşunların hərbi qulluqçuları üçün “Beynəlxalq humanitar hüquq”, Beynəlxalq insan haqları hüququ” və “Polis fəaliyyətinin beynəlxalq standartları” mövzularında çox sayda kursun keçirilməsindən, həmin tədbirlərdə yüzlərlə polis əməkdaşının və hərbi qulluqçunun iştirak etməsindən danışıb. BQXK tərəfindən icra olunan kurs və seminarların polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları üçün faydalı olduğunu qeyd edən komandan müavini bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinə böyük maraq olduğunu qonağın diqqətinə çatdırıb.

Cənab Halit Bulanıklı səmimi qəbula və BQXK ilə əməkdaşlığı yüksək qiymətləndirdiyinə görə dərin təşəkkürünü ifadə edib. Qonaq hazırda həm Daxili İşlər Nazirliyi, həm də onun tərkib hissəsi olan Daxili Qoşunlarla BQXK-nın Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlığın uğurla davam etməsinin təqdirəlayiq olduğunu qeyd edərək, əlaqələrin gələcəkdə də eyni şəkildə davam etməsinə əminliyini ifadə edib.

Görüşün sonunda qonağa hədiyyə təqdim olunub, xatirə şəkli çəkilib.

Sonra qonaqlar Daxili Qoşunların Ali Hərbi Məktəbində olublar. Məktəb rəisi general-mayor İlqar Məmmədov ilk olaraq onları kursantların tədris proqramı ilə tanış edib. Səmimi ortamda keçən görüşdə, “Beynəlxalq humanitar hüquq” və “Beynəlxalq insan haqları hüququ” mövzularında kurs və ya konfransların təşkili məsələsi müzakirə olunub. Bu məsələnin günümüzdə də çox aktual olduğunu deyən cənab Halit Bulanıklı kursantların bu kimi kurslarda iştirakının vacibliyini nəzərə çatdıraraq, gələcəkdə BQXK-nın bu istiqamətdə hər cür dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
 
"ORDU.AZ" internet saytı, Bakı şəhəri, 26 fevral 2020-ci il. 





Çap et  Çap et