Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

  Mayın 27-də Respublika günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə orta məktəb şagirdlərinin
qoşunların "N" saylı hərbi hissəsində təntənəli mərasimi keçirilmişdir.
Daxili Qoşunların Komandanlığı və Səbail rayon rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti, rayondakı ali məktəblərinin tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri və qoşunların şəxsi heyəti iştirak etmişlər.
 
  Əvvəlcə qonaqlar Daxili Qoşunların torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərinin şərəfinə ucaldılmış abidə önünə gül dəstələri düzmüşlər.
 
  Sonra tələbə və şagirdlər, müəllimlər Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Daxili Qoşunların Komandanının I müavini - Qərargah rəisi general-mayor Şirin Xəlilovun iştirakı ilə hərbi hissənin əsgər yataqxanasına və xidmət otaqlarına baxmışlar. Eyni zamanda Daxili Qoşunların istifadəsində olan müasir silah və hərbi texnikalar barədə məktəblilərə məlumat verilmiş, silahlardan istifadə qaydaları, əsgər və zabitlərin müxtəlif hava şəraiti üçün nəzərdə tutulmuş xüsusi geyim dəstləri və qorunma vasitələri nümayiş etdirilmişdir. 
 
  Daha sonra  xüsusi təyinatlı dəstənin nümunəvi-göstərici çıxışı nümayiş etdirilmişdir.
 
  Hərbi hissənin sıra meydanında təşkil olunmuş təntənəli toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərov öncə tədbir iştirakçılarını Respublika günü münasibəti ilə təbrik etmiş, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, Ulu Öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbçilərin yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışmış, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatı, bir sözlə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
 
  Bu kimi tədbirlərin keçirilməsinin gənc və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını, məktəblilərin hərbi xidmətə hazırlığında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran A.Əsgərov Səbail rayonu ilə DİN Daxili Qoşunlar arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndiyi vurğulamışdır.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov da hərbi hissənin şəxsi heyətini və iştirakçıları Respublika günü münasibəti ilə təbrik edərək əsgərlərimizə xidmətdə uğurlar arzulamışdır. 
 
  Daxili Qoşunların Komandanının I müavini - Qərargah rəisi, general-mayor Ş.Xəlilov daxili işlər nazirinin müavini-Daxili Qoşunların Komandanının əlamətdar bayram - 28 may Respublika Günü münasibəti ilə təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Gələcəyimiz olan gənc və yeniyetmələrin ulu əcdadlarımızın ənənələrinə sədaqət ruhunda tərbiyə olunduğunu deyən general- mayor Ş.Xəlilov Ümummilli Lider Heydər Əliyevin vətənpərvərliklə bağlı söylədiyi fikirlərə istinad edərək bildirmişdir ki, “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
 
  Çıxışlardan sonra xidmətdə fərqlənən əsgər və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar. 
Rəsmi hissədən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar etmişlər. Onlar yeməklərin keyfiyyətini yüksək qiymətləndirmişlər.
 
  Sonda respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.