Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilmişdir. Trend-in məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və millət vəkili Aydın Mirzəzadə iştirak etmişlər.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Daxili Qoşunların Nümunəvi-göstərici hərbi orkestrinin müşayiəti ilə mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmişlər.
İlk olaraq çıxış üçün söz millət vəkili Aydın Mirzəzadəyə verilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində misilsiz xidmətlərindən danışan millət vəkili onun həyat və fəaliyyətinin əsasən üç mərhələdə araşdırılmasının zəruriliyini vurğulamışdır: "Ulu öndərimiz 1969-cu ilə qədərki dövrdə özünü büruzə verməyərək, dövlət təhlükəsizliyimizi qorumaq üçün bütün həyatı boyu çalışdı. İkinci mərhələdə o, siyasi arenaya çıxdı və hamı Heydər Əliyev adlı bir şəxsiyyəti tanıdı. Qısa müddət ərzində Azərbaycanı bataqlıqdan xilas etdi, ona yeni bir nəfəs verdi. Həmin illərdə qazandıqlarımız bugünkü müstəqil Azərbaycanın gələcək uğurlarından xəbər verirdi. Həyatının üçüncü mərhələsində isə Heydər Əliyev milləti bəlalardan qurtardı, xilas etdi, xalqımız milli qurtuluşa nail oldu".
A.Mirzəzadə bildirmişdir ki, xalqını, Vətənini hədsiz sevən dahi lider milli dövlətçiliyimizin, azərbaycançılıq idealogiyasının əsasını qoymuşdur: "Bu gün Azərbaycan hər sahədə uğurlar qazanır, nailiyyətlər əldə edir. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyev siyasəti düzgün siyasətdir. Azərbaycan xalqı məhz dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə inkişaf etdi və dünya miqyasında tanınmağa başladı".
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçiliyin təməl prinsiplərindən geniş danışan millət vəkili Mübariz Qurbanlı isə xüsusi olaraq vurğulamışdır ki, tarixə müasir Azərbaycanın memarı olaraq düşən dahi rəhbərimiz hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi: "Ulu öndər bu yolda qəti addımlar atmış, əməli işlər görmüş, iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qurmuşdur".
O, daha sonra qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi iqtisadi cəhətdən irəli aparmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, milli şüurunda böyük təkamülün, böyük dəyişikliyin yaranmasına gətirib çıxartdı: "Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqat mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir".
Heydər Əliyev siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən YAP İcra katibinin müavini diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir, iqtisadiyyatımız günü-gündən inkişaf edir, ordumuz güclənir: "Bütün bunlara görə hər birimiz Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuş dahi şəxsiyyətə borcluyuq. Bir sözlə, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev ideyaları da yaşayacaqdır".
Sonra çıxış üçün söz daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədova verilmişdir.