Yanvarın 17-də Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov 2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində olmuşdur.
Daxili Qoşunlar Komandanı hərbi hissəyə ümumi baxış keçirmiş, şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanmış, xidməti döyüş fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Sonra hərbi hissədə xidməti müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən general-mayor Ş.Məmmədov xüsusi olaraq vurğulamışdır ki, Silahlı Qüvvələrdə, o cümlədən Daxili Qoşunlarda yaradılmış hərtərəfli şərait Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi heyətə göstərdiyi diqqət və qayğının tərkib hissəsidir.
Daxili Qoşunlar Komandanı əlavə etmişdir ki, son illər Daxili Qoşunların kadr potensialının gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndrilməsi, müasir texnika və avadanlıqlarla təchiz olunması, yeni hərbi şəhərciklərin yaradılması, hərtərəfli şəraitə malik xidməti mənzillərin istifadəyə verilməsi və s. istiqamətlərdə çox işlər görülmüşdür.
Daxili Qoşunlar Komandanı general-mayor Ş.Məmmədov qeyd etmişdir ki, Daxili Qoşunların şəxsi heyəti Azərbaycan Respublikasının qanunlarından,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərman və sərəncamlarından, eləcə də daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, öz andına sadiq qalaraq, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə sabitliyin, əmin-amanlığın keşiyində mətinliklə dayanacaqdır.
Daha sonra general-mayor Ş.Məmmədov hərbi hissənin xidməti döyüş fəaliyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Məlumat üçün bildirək ki, general-mayor Ş.Məmmədov Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin olunduqdan sonra regionlara səfərinə ilk olaraq Zaqataladakı hərbi hissədən başlamışdır.
Ötən müddət ərzində general-mayor Ş.Məmmədov Daxili Qoşunların Bakı Qarnizonunda yerləşən bütün hərbi hissələrinin xidməti döyüş fəaliyyəti ilə yaxından tanış olmuş, müvafiq məsələlərin həlli istiqamətində konkret tapşırıqlarını vermişdir.