Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

  Bakı, 12 mart. Bu gün Dövlət Bayrağı Meydanı hər bir Azərbaycan vətəndaşının üz tutduğu, görmək istədiyi ən sevimli, qürurverici, müqəddəs bir məkandır. Bu səbəbdən də Dövlət Bayrağı Meydanına üz tutanların sayı günbəgün, saatbasaat artmaqdadır. Artıq hər bir təşkilatın, qurumun, idarə və müəssisənin yaranma gününü qeyd etməyə bu müqəddəs yeri ziyarətlə başlaması ənənəyə çevrilmişdir.

  Bu sırada ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətçilik ənənələrinin qorunmasında özünəməxsus xidmətləri olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının da xüsusi yeri vardır.

  AzərTAc xəbər verir ki, martın 12-də yaranmasının 22-ci ildönümünü təntənəli sürətdə qeyd edən Daxili Qoşunların şəxsi heyəti dövlətçilik tariximizin, dövlət atributlarımızın öyrənilməsində müstəsna əhəmiyyət kəsb edən Dövlət Bayrağı Meydanında olmuşdur.
Şəxsi heyətə müqəddəslik rəmzinə çevrilmiş, hamımızın qürur yeri olan üçrəngli Azərbaycan bayrağı haqqında geniş məlumat verilmişdir.

  Bildirilmişdir ki, hər bir xalqın bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə, onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, bu bayrağın müqəddəsliyinə tapınaraq gələcəkdə atacağı addımları müəyyənləşdirir. Bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı uca bayrağımızı müqəddəs hesab edir.

  Səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə tanış olan Daxili Qoşunların şəxsi heyətinə məlumat verilmişdir ki, burada müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.

  Qeyd edilmişdir ki, dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiqləyən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş etdirilir.

  Dövlət Bayrağı Meydanı ilə tanışlıq Daxili Qoşunların şəxsi heyətində zəngin təəssürat yaratmışdır.