Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Bu il iyun ayının 10-dan 12-dək paytaxtımız növbəti dəfə “Formula-1 Azərbaycan Qran-Pri” yarışına evsahibliyi edib.  İdman yarışı zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, ərazinin mühafizəsi və nəzarət-buraxılış rejiminin tətbiq edilməsi tədbirlərinə polis əməkdaşları ilə birlikdə cəlb olunan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də qarşıya qoyulan tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Qeyd edilməlidir ki, ilk növbədə polis əməkdaşları ilə birgə fəaliyyətin əlaqələndirilməsi, vəziyyətin dəyişməsinə operativ reaksiya verilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə Baş idarəetmə mərkəzi yaradılıb, müvafiq plan-hesab hazırlanaraq şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb. Yarışın təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmətin təşkili baxımından təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmətaparma yerləri ilə əyani tanış edilib. Qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilərək, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub.

Yarış ərəfəsində müəyyən edilmiş tapşırıqların icrasına cəlb ediləcək hərbi qulluqçuların xidmətə hazırlığı, təminat-təchizat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti yoxlanılıb. Xüsusi təyinatlı bölmələrin, perimetr boyu xidmətin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən, qadın hərbi qulluqçuların xüsusi geyim formalarına, hərtərəfli təminatına, xüsusi vasitə və avadanlıqlarla, rabitə vasitələrilə təchizatına və nəqliyyat vasitələrinə xüsusi diqqət yetirilib.

Bununla yanaşı, həvalə edilən obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin tətbiqi mövzuları üzrə xüsusi məşğələlər keçirilib, xidmətə cəlb olunacaq qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib.

Hərbi qulluqçularımız tərəfindən yarış və qeyri-yarış obyektləri mühafizəyə götürülüb, mühəndis-istehkam qrupları tərəfindən tamaşaçılar üçün quraşdırılmış tribunalar və adiyyəti obyektlər öncədən yoxlanılaraq müvafiq qaydada  mühafizəyə verilib. Nəzarət-buraxılış məntəqələrində buraxılış rejimi təmin olunub, hərəkət icazəsi olan mülki avtomobillərin yoxlanılması zamanı xidməti itlərdən də geniş istifadə edilib. Qeyd olunan istiqamətlər üzrə qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilərək, xidmətin aparılmasında hər hansı bir nöqsana yol verilməyib.

Həmçinin, xidmətə cəlb olunan hərbi qulluqçularla əvvəlcədən aparılmış təlimatlandırma, o cümlədən, onların mənəvi-psixoloji və fərdi keyfiyyətlərinə xüsusi diqqət yetirilməsi nəticəsində vətəndaşlarla, xüsusən əcnəbi qonaqlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi əməl olunub.

Yarış keçirilən müddətdə xidmətin təşkili üçün bütün profilaktik tədbirlər görülüb, şəxsi heyətin daşınması, onların qidalanması, hərbi qulluqçulara tibbi xidmətin göstərilməsi, asudə vaxtının səmərəli təşkili xüsusi diqqət mərkəzində saxlanılıb.

Göründüyü kimi, mötəbər tədbir zamanı ictimai təhlükəsizliyin təmin olunmasında kifayət qədər təcrübəyə malik olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti bu dəfə də qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.