Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

2021-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunan kursantların oktyabrın 2-də təntənəli andiçmə mərasimi keçirilib.

Tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın  ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik  sükutla yad edilib. Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa edilib.

Ali Hərbi Məktəbə yeni qəbul olunmuş kursantlar hərbi and içərək, Vətənimiz Azərbaycana və onun xalqına sadiq olacaqları, dövlətimizin mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqları, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəkləri barədə söz veriblər.

Kursantlar adından çıxış edən Mehtiyev Əli zabit adına hər zaman layiq olmağa çalışacaqlarını, hərb işini vicdanla öyrənəcəklərini, hərbi ənənələri şərəflə davam və inkişaf etdirəcəklərini, üzərilərinə düşən şərəfli və məsul vəzifələri layiqincə yerinə yetirəcəklərini, onlara olan etimadı hər zaman doğruldacaqlarını ifadə edib.

Andiçmə mərasimində iştirak edən daxili qoşunlar komandanının müavini-şəxsi heyət üzrə idarənin rəisi general-mayor Vidadi Əliyev  Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədovun andiçmə münasibətilə təbrik və tövsiyələrini çatdırıb. Təbrikdə qeyd olunub ki, Daxili Qoşunların bütün şəxsi heyəti kimi, bu gün sıralarımıza daxil olan kursantlar da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirəcək, Daxili Qoşunların sıralarının möhkəmlənməsi üçün səy göstərəcək, dövlət və dövlətçiliyimizin daha da gücləndirilməsi naminə öz fədakar xidmətlərini əsirgəməyəcəklər. Əlavə olaraq general-mayor Vidadi Əliyev çıxışında bütün kursantlara bu müqəddəs və şərəfli yolda daim inamla irəliləyərək, Vətənin müsəlləh əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmr və göstərişləri layiqincə yerinə yetirməyi, göstərilən etimadı hər zaman doğrultmaq üçün əllərindən gələni əsirgəməməyi arzulayıb.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.