Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Avqustun 7-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib.

Mərasimdə daxili qoşunlar komandanının müavini – şəxsi heyət üzrə idarənin rəisi general-mayor Vidadi Əliyev iştirak edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa edilib.
 
Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
 
Tədbirdə çıxış edən hərbi hissə komandiri polkovnik Telman Həsənov əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladıb.
 
Sonra daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb.
 
Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları, bundan əlavə, Daxili Qoşunların möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.
 
Qeyd olunub ki, hərbi and içərək respublikamızın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa söz verməklə, hər bir hərbi qulluqçu bu müqəddəs andın mənasını tam olaraq dərk etməlidir. Təbrikdə, həmçinin, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətinin fədakarlıq göstərərək, şərəfli döyüş yolu keçdiyi də bildirilib.
 
Sıralarımıza daxil olan hər bir hərbi qulluqçunun Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalacağına, dövlətçiliyimizin qorunması və qüdrətlənməsi naminə uğurlar qazanacağına əminlik ifadə olunub.
 
Təntənəli gün münasibətilə çıxış edənlər əsgərləri səmimi qəlbdən təbrik edərək, onları cəsur və intizamlı olmaqla, hərbi bilikləri öyrənməyə, daim Vətənin müdafiəsinə hazır olmağa səsləyiblər.
 
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
 
Qeyd edək ki, hərbi andiçmə mərasimi Daxili Qoşunların digər 3 hərbi hissəsində  də keçirilib.