Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Ölkəmizdə son illər təşkil olunan bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə olduğu kimi, futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakı Olimpiya stadionunda keçirilən oyunları zamanı təhlükəsizliyin təmin olunması ilə əlaqədar daxili işlər orqanları qarşısında konkret vəzifələr qoyulmuşdur. Daxili İşlər Nazirliyinin müvafiq tədbirlər planına əsasən oyunlar ərəfəsi və iyunun 12, 16, 20-də və iyulun 3-ü tarixlərində keçirilən oyunlar zamanı polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə Daxili Qoşunların qarşısında tapşırıqlar qoyulmuş, bununla əlaqədar cəlb olunacaq qüvvələrin say tərkibi müəyyən olunmuşdur. 

Müəyyən edilmiş tapşırıqların layiqincə yerinə yetirilməsi üçün Daxili Qoşunların Baş İdarəsi tərəfindən hazırlıq tədbirləri həyata keçirilmiş, Bakı Olimpiya Stadionunda, Dənizkənarı Milli Parkın “FAN” zonasında, o cümlədən, bu tədbirlə bağlı nəzərdə tutulmuş qeyri-yarış yerlərində xidmətin aparılmasına cəlb olunacaq qüvvə və vasitələr hazırlanmışdır.
 
Yarış ərəfəsində şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılmış, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətinin koordinasiyası dəqiqləşdirilmiş, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqənin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. İyun ayının 9-da Bakı Olimpiya stadionunda daxili işlər nazirinin müavini-daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov tərəfindən xidmətə cəlb olunan hərbi qulluqçulara sıra baxışı keçirilmiş, xidmət sahələrində tapşırıqlar dəqiqləşdirilmişdir.
 
Şəxsi heyət həvalə edilən obyektlərin mühafizəsi, piyadaların və nəqliyyat vasitələrinin yoxlanılması, buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlərə cəlb olunmuş, tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri onlara izah olunmuş, beynəlxalq əhəmiyyətli yarışın yüksək təhlükəsizlik şəraitində keçirilməsinin ölkəmizin gücünün, qüdrətinin bariz nümunəsi olduğu nəzərlərinə çatdırılmışdır.
 
Bu beynəlxalq tədbirdə istehkamçılar tərəfindən yarış və qeyri-yarış obyektlərinin yoxlanılması həyata keçirilmiş, qadın hərbi qulluqçularımız da təhlükəsizlik tədbirlərinə cəlb olunaraq xüsusi buraxılış rejiminin təmin olunmasında vəzifələrinin öhdəsindən layiqincə gəlmişlər.
 
Tədbirə cəlb ediləcək şəxsi heyət bütün növ maddi-texniki təchizat vasitələri ilə təchiz olunmuş və xüsusi geyim forması ilə təmin edilmişdir.
 
Qeyd olunmalıdır ki, keçirilən oyunlar zamanı mühafizə və xüsusi buraxılış rejimi ilə bağlı xidmət yüksək səviyyədə təşkil olunmuş, qanun pozuntusu qeydə alınmamış və bununla da vurğulanmalıdır ki,  qoşunların şəxsi heyəti növbəti dəfə mühüm beynəlxalq idman tədbirində qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.