Ölçü:
İyunun 11-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Gənc zabitlər qarşısında çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov məmnunluqla bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk dövrdən Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim diqqət mərkəzində saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali münasibətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.
General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının da ön cəbhədə iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Ali Hərbi Məktəbin 33 məzununun olmasının bu təhsil müəssisəsində kursantların vətənpərvərlik, dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda tərbiyəsi, yüksək intizam, mətinlik, peşəkarlıq keyfiyyətlərinə malik olması üçün ortaya qoyulmuş böyük və əzmkar fəaliyyətin əyani təsdiqi olduğunu vurğulayıb. O, Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə, habelə xüsusi karantin rejimi dövründə polis əməkdaşları ilə birgə fəaliyyətinin də əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd edib.
Nazir Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, ölkədə asayişin və təhlükəsizliyin etibarlı qorunması, qarşıya qoyulmuş tapşırıqların tam və layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.