Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 İyul ayının 14-də Daxili Qoşunlarda ilk dəfə videokonfrans vasitəsilə “2020-ci ilin l yarımilliyi üçün Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunları və ll yarımildə qarşıda duran vəzifələr haqqında” Hərbi Şuranın iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunlar tərəfindən 2020-ci ilin birinci yarısında qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqları, xüsusən koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin təmin olunması ilə əlaqədar müəyyən edilmiş vəzifələr polis əməkdaşları ilə birgə uğurla həyata keçirilib və bu fəaliyyət davam etdirilməkdədir.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində xidməti-döyüş fəaliyyətində ən əlamətdar hadisə isə mart ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ağstafa şəhərində ayrı yerləşən patrul taborunun yeni hərbi şəhərciyinin açılışında iştirakı olub. Hərbi hissənin açılışı, eləcə də xidmətin aparılması üçün yaradılmış şərait şübhəsiz ki, ölkəmizdə uğurla aparılan hərtərəfli islahatların və quruculuq işlərinin məntiqi nəticəsi kimi vurğulanıb.
 
General-leytenant Şahin Məmmədov iclasın gündəliyini elan etdikdən sonra    2020-ci ilin birinci yarımilində xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında Daxili Qoşunlar komandanının 1-ci müavini - Qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.
 
Bildirilib ki, cari ilin birinci yarımili ərzində müəyyən edilmiş və qəflətən qarşıya çıxan xidməti-döyüş tapşırıqlarının vaxtında, keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsi, nümunəvi nizam-intizam, struktur bölmələrin hərtərəfli təmin edilməsi prioritet məsələlərdən olub. Hissə və bölmələrin yüksək döyüş hazırlığının təmin edilməsi, qüvvə və vasitələrin effektiv istifadəsi, çevik, gizli və fasiləsiz idarəolunma, qarşılıqlı fəaliyyətin təşkili, döyüş xidmətinin aparılmasına, şəxsi heyətin peşə və ixtisas hazırlığının artırılması əsas vəzifələr olaraq Daxili Qoşunların Qərargahı tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə komandir heyətinə mürəkkəb şəraitdə düzgün, çevik qərar qəbuletmə bacarıqlarının öyrədilməsinə, şəxsi heyətin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılmasına, müxtəlif əməliyyat şəraitlərində silah, xüsusi vasitələr və döyüş texnikasından effektiv istifadə edilməsinə, fiziki hazırlığın yüksəldilməsinə, etibarlı və fasiləsiz rabitə əlaqəsinin yaradılmasına, qoşun xidmətinin təşkilinə və zəruri təminatına xüsusi önəm verilib.
 
Sonra Daxili Qoşunlar komandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev çıxış edərək, birinci yarımildə Daxili Qoşunların şəxsi heyəti ilə tərbiyə işinin təşkilinin və hərbi intizamın vəziyyətinin qənaətbəxş olduğunu vurğulayıb.
 
Bildirilib ki, ötən müddət ərzində şəxsi heyətlə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasına, komandir və rəislərin şəxsi nümunəliyinin təmin olunmasına, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına, hərbi qulluqçuların ictimai-siyasi hazırlıq üzrə biliklərinin artırılmasına yönəldilib.
 
Daha sonra bir neçə hərbi hissələrin komandirlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetirib.
 
Müşavirəyə yekun vuran general-leytenant Ş.Məmmədov, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin ölkənin normal həyatında yaratdığı problemlərə, xüsusən iqtisadiyyata vurduğu ziyana baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, insan sağlamlığının ən mühüm prioritet məsələ olduğunu bildirərək, bütün bunların möhtərəm Prezidentin apardığı siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını bir daha təsdiq etdiyini vurğulayıb.
 
Bununla yanaşı, qeyd edildi ki, hərbi qulluqçular xüsusi karantin rejimi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə yanaşı, bir vətəndaş kimi müəyyən olunmuş karantin qadağalarına da ciddi əməl etməlidirlər.
 
Xüsusi olaraq qeyd edilib ki, Daxili Qoşunların şəxsi heyəti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr və göstərişlərini hər an yerinə yetirməyə hazırdır.
 
Sonda Daxili Qoşunlar komandanı növbəti yarımildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib. O, Daxili Qoşunların şəxsi heyətinin bundan sonra da xalqa və dövlətə sadiqliyini nümayiş etdirərək ləyaqətlə xidmət edəcəklərinə, həmçinin, ictimai təhlükəsizliyin, vətəndaşlarımızın əmin-amanlığının etibarlı qorunması üçün daim var qüvvəsi ilə çalışacaqlarına əminliyini ifadə edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.