Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Fevralın 16-da Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin andiçmə mərasimi keçirilib.

Mərasimdə Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərargah rəisi general-mayor Tofiq Hüseynov, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər.

Tədbir Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi-göstərici Hərbi Orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.

Hərbi hissə komandiri polkovnik Əhliman İlmazov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladıb.

Gənc əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbrik çatdırılıb.

Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların Qoşunların bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları qeyd edilib. Məktubda həmçinin, Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.

Mərasim şəxsi heyətin sıra meydanından təntənəli keçidi ilə başa çatıb.