Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Daxili Qoşunların tərkibində ictimai təşkilat olaraq Veteranlar Şurası fəaliyyət göstərir və veteranlarımız Qoşunlarla əlaqələrini itirməyərək şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsinə layiqli töhfə verirlər. Daxili Qoşunlarda bütün əlamətdar tədbirlərdə veteranlarımız dəvət olunaraq iştirak edirlər.

Avqust ayının 4-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların veteran hərbi qulluqçuları ilə görüşüb. Veteranlar qarşısında çıxış edən cənab Komandan onları salamlayaraq bu görüşdən məmnunluq duyduğunu bildirərək qeyd edib ki, veteranlar cəmiyyətimizdə hörmətlə yanaşılan vətəndaşlıq mövqeləri və ictimai fəallıqları ilə həmişə fərqləniblər.

General-leytenant Şahin Məmmədov öz çıxışında veteranları məlumatlandıraraq bildirib ki, dövlət qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlarda inkişaf bu gün də davam etməkdədir. Şirvan şəhərində və Qəbələ rayonunda yeni hərbi şəhərciklərin salındığını, şəxsi heyətin xidmətaparma yerlərinin, sosial-məişət şəraitinin müasir standartlar səviyyəsində qurulduğunu vurğulayan Komandan qeyd edib ki, döyüşlərdə iştirak etmiş, bu gün də sıralarımızda olan 10 nəfər Silahlı Qüvvələr veteranına şəxsi mənzillər təqdim olunub. Qoşunların döyüş qabiliyyətinin artırılması üçün yeni müasir silahlar, xüsusi vasitələr, döyüş və digər texnika alınaraq hərbi qulluqçuların istifadəsinə verilib. Bu qayğıya cavab olaraq şəxsi heyət qarşısına qoyulmuş tapşırıqların keyfiyyətlə yerinə yetirilməsinə həmişə hazırdır, bu məqsədlə əzmlə peşəkarlığını artırır.

Əlavə olaraq Komandan veteranların təşkilatlanması, ictimai mənafelərinin qorunması, hüquqi maarifləndirilməsi, sosial problemlərinin həll olunması, tibbi təminatı sahəsində qayğı göstərilməsi, onların hərbi hissələr, təhsil müəssisələri, gənclər təşkilatları ilə təmaslarının möhkəmləndirilməsi, ölkəmizin və bir sıra dövlətlərin veteran qurumlarının təcrübəsinin öyrənilməsi yönündə fikir və mülahizələrini səsləndirib, tövsiyyələrini  verib. Vurğulanıb ki, veteranlarımızın hərbi hissələrdə şəxsi heyətlə görüşlərinin intensivliyi artırılmalı, onların hərbi qulluqçuların vətənpərvər döyüşçü kimi formalaşmasında, mənəvi-psixoloji durumlarının möhkəmləndirilməsində rolu daha da artırılmalıdır. Hər bir veteranın keçdiyi şərəfli xidmət yolunun hal-hazırda xidmət edən hərbi qulluqçular üçün örnək, tərbiyə işində isə mühüm amil olacağına əminliyini bildirən Komandan bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsini veteranların nəzərinə çatdırıb.

Daha sonra Komandan respublikamızın digər regionlarında yaşayan veteranları ilə də əlaqələrin saxlanılmasını, onların problemlərinin öyrənilməsinin vacibliyini qeyd edib. Daxili Qoşunlarda gedən inkişaf prosesləriniə dövlət dəstəyinin ictimaiyyət arasında geniş təbliğ olunmasını da əsas vəzifə kimi veteranlar qarşısında bildirib.

Daxili Qoşunların Komandanı görüşdə iştirak edən veteranların müraciətlərini də dinləyib, qaldırılan məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə lazımi göstərişlər verib.

Sonda Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin veteranlara yüksək diqqət və qayğı göstərdiyini, Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun veteranlarla bağlı məsələləri daim nəzarətində saxladığını vurğulayan Komandan veteranların zəngin həyat və xidmət təcrübəsinə istinad olunmasına hər zaman ehtiyac olduğunu nəzərə çatdırıb.

Veteranlar Şurasının sədri Çingiz Daşdəmirov veteranlar adından Daxili Qoşunların Komandanına belə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Daxili Qoşunların veteranı, şair Elxan Xəzərin yeni çapdan çıxmış kitabı cənab Komandana təqdim olunub. Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov veteranlarla xatirə şəkli çəkdirib.