Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Aprelin 5-də Daxili Qoşunların Ali Hərbi Məktəbində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri ilə görüş keçirilib. Görüşdə 14 ölkənin -  Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, İsveçrə Konfederasiyası, Türkiyə, İran İslam, Cənubi Koreya, Çexiya, Qazaxıstan, Rumıniya, Ukrayna, Pakistan, Belarus, Bolqarıstan, Gürcüstan respublikalarının hərbi attaşeləri və digər səlahiyyətli nümayəndələri iştirak edib. Ümumilikdə 19 nəfər xarici qonağın təmsil olunduğu görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi ilə yaxından tanışlıqdır.

Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov qonaqları səmimi salamlayaraq, onları Daxili Qoşunların Ali Hərbi Məktəbində qəbul etməkdən məmnunluq hissi duyduğunu bildirib. Daxili Qoşunların beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin günü-gündən inkişaf etdiyini diqqətə çatdıran məktəb rəisi keçirilən görüşün buna bariz nümunə olduğunu söyləyib.

Qeyd edilib ki, xüsusilə dövlət müstəqilliyi qazanıldıqdan sonra ölkəmizdə ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların formalaşmasına, onun ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsinə, şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə və maddi-texniki təchizatının daha da yaxşılaşdırılmasına xüsusi önəm verilir.

Görüşdə Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə, eləcə də Ali Hərbi Məktəbin təlim-tədris sistemini əks etdirən geniş məzmunlu brifinq nümayiş etdirilib.

 Rumıniyanın hərbi attaşesi, heyətin rəhbəri polkovnik Rodin Lazarou səmimi və qonaqpərvər qəbula görə heyət adından təşəkkürünü bildirib. 

Heyət rəhbəri polkovnik R.Lazarou şərəf kitabını imzaladıqdan sonra xatirə şəkli çəkilib.

Tədbirin sonunda xarici qonaqlar Daxili Qoşunların Ali Hərbi Məktəbində tədris korpuslarına, kursant yataqxanasına baş çəkib, yaradılmış şəraitlə tanış olublar.