Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Daxili İşlər Nazirinin əmri ilə dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, həmçinin xidmətdə xüsusilə fərqləndiklərinə, yüksək peşə hazırlığı, nümunəvi hərbi intizam nümayiş etdirdiklərinə görə bir qrup hərbi qulluqçu mükafatlandırılmışdır.
Bu münasibətlə martın 18-də Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov mükafatları şəhid ailələrinin üzvlərinə və hərbi qulluqçulara təqdim edib.
Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhid hərbi qulluqçumuz əsgər İlyasov Şamil Kamil oğlunun qardaşı Süleyman İlyasov şəhid ailələrinə yüksək dövlət qayğısı göstərildiyinə görə Respublika Prezidentinə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirərək, Daxili Qoşunların şəxsi heyətinə xidmətdə uğurlar arzuladı.
Tədbirin sonunda çıxış edən general-leytenant Ş.Məmmədov təltif olunan hərbi qulluqçuları, şəhid ailələrinin üzvlərini təbrik edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib. Daxili Qoşunlar Komandanı əminliklə bildirib ki, şəxsi heyət bundan sonra da göstərilən etimadı doğruldacaq, dövlət və dövlətçiliyimizin qorunması naminə verilən bütün əmr və göstərişləri tam keyfiyyətlə yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ümumilikdə, hərbi qulluqçulardan 2 nəfər “Vətən uğrunda” (1 nəfər ölümündən sonra), 2 nəfər "İgidliyə görə" (ölümündən sonra), 16 nəfər "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.